Sakinlər gələcəkdə mənzil yox, indi kompensasiya istəyir

26 AİLƏ EVLƏRİNİN SÖKÜLMƏSİNİ İSTƏMİR
 
«Bizim Yol» qəzeti Yasamal rayonu Naxçivani, Murtuza Muxtarov və Cəfər Cabbarlı küçəsində 26 ailəni icra hakimiyyətinin zorla evlərindən çıxarmaq istəməsindən bəhs edir. Sakinlərin bildirməsinə görə, bazar tələblərinə uyğun kompensasiya tələb etsələr də, bundan imtina edilir. Sakin Firəngiz Əsədova qəzetə deyib ki, onları hər cür kommunikasiya ilə təmin edilən bir ərazidən 1 manat belə təzminat ödəmədən zorla çıxarmaq istəyirlər: «Bu terror hadisəsidir. Onların bizdən tələbi ağlasığan deyil. Mən kirayədə yaşamaq istəmirəm. Bizə kompensasiya verilsin. Bəlkə biz ölkədən köçüb gedəcəyik. Niyə illərlə kirayədə yaşamağa məcbur edilərək, hansısa binanın nə vaxtsa başa gələcəyini gözləməliyik?»
 
Qadınlar qəzetə danışıblar ki, buna etiraz edən ərləri və qardaşlarını həbslə hədələyiblər. Ona görə də, ailələrinin hüquqlarını qadınlar qoruyur. Sakinlər deyirlər ki, rayon icra hakimiyyəti iyunun 5-nə kimi vaxt qoyub və bundan sonra 26 ailənin zorla evlərindən çıxarılacağı gözlənilir.
 
Nazirlər Kabineti bu il fevralın 25-də qəzalı vəziyyətdə olan və şəhərin müasir görkəminə xələl gətirən binaların sökülməsi ilə bağlı qərar verib. Həmin qərara görə, Yasamal rayonu Naxçıvani küçəsi 25, 27, Murtuza Muxtarov küçəsi 182, Cəfər Cabbarlı küçəsi 37 və 39 ünvanlarındakı binalar sökülərək yerində yeniləri tikilməlidir. Bundan ötrü Yasamal rayon İcra Hakimiyyəti də ötən ayın 6-da qərar verib. Evləri söküləcək sakinlərə də həmin binalarda mənzil veriləcəyi bildirilir. /

Google+ WhatsApp ok.ru