Seçki müşahidəçisi saxtakarlığa görə özünü yandırmaq istədi

Dünən 30  saylı Suraxanı 1 Seçki Dairəsinin 76 saylı məktəbdə yerləşən 1 saylı məntəqəsi qarşısında intihara cəhd baş verib. Əldə etdiyimiz məlumata görə, İsmayılov Zakir adlı müşahidəçi özünü yandırmağa cəhd etsə də, bunun qarşısı alınıb.
 
Zakir İsmayılov 2003-cü ildə seçki məhbusu olub və uzun sürən məhkəmə proseslərindən sonra 4 il yarım şərti cəza alıb. Eləcə də oğlu Mahir İsmayılov seçki məhbusu olub və 2 il həbs cəzası alıb.
 
Azadlıq.info-ya açıqlama verən Z.İsmayılov öz təşəbbüsü ilə müşahidəçi olduğunu deyib. Onun sözlərinə görə, müşahidəni fasiləsiz aparıb və seçkidə 229 nəfərin iştirak etdiyini görüb. Lakin seçki bitəndən sonra 575 nəfərin gəldiyi göstərilib. Bundan əlavə, xeyli saxtakarlıqlar müşahidə edilib. Bunlara qarşı etirazını bildirən Z.İsmayılov hədələnib: “Polis çağırıb məni məntəqədən uzaqlaşdıracaqları ilə hədələdilər. Buna dözməyərək seçki məntəqəsinin qarşısında özümü yandırmağa cəhd etdim. Ordakı digər müşahidəçilər bunun qarşısını aldı”.

Google+ WhatsApp ok.ru