Sement və daş bahalaşıb

Sement və daş bahalaşıb

«Yeni Müsavat» qəzetində «Sement və kubik bahalaşıb-səbəb» sərlövhəli yazı oxumaq olar.
 
Yazıda başlığa çıxarılan mövzu iqtisadçı Natiq Cəfərli ilə müzakirə edilib.
 
Müəllif qeyd edir ki, «tikintinin çörəyi» adlandırılan sementin qiymətində artımın baş verməsi insanların narazılığına səbəb olub: «...Sementinin bir kisəsinin qiyməti 6 manat 80 qəpik və daha yüksək məbləğə satılır. Bölgələrdə qeyd etdiyimiz sementin 400 markasının 1 kisəsi 7 manat 50 qəpikdir. 300 marka sement isə bundan təxminən 50-60 qəpik ucuz qiymətə satılır. Əgər zavodun özündən birbaşa sement alırsansa, daşınma xərci də daxil, 300 marka sementin qiyməti 6 manat 30 qəpik, 400 marka sement isə 6 manat 90 qəpiyə satılır».
 
Müəllifin bildirməsinə görə, son zamanlar mişar daşının da qiyməti bahalaşıb. Yazıda qeyd edilib ki, Qaradağ daşının qiyməti 45-50 qəpik arasında dəyişir, Güzdək daşının qiyməti isə 35 qəpikdir.
 
Daş satıcılarının bildirməsinə görə, son zamanlar daş karxanalarının bağlanması bazarda qıtlığa və qiymətlərdə artıma səbəb olub.
 
Yazıda o da vurğulanıb ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi daş karxanaları ilə bağlı 7 cinayət işi başlayıb.
 
«Yeni Müsavat»a danışan iqtisadçı N.Cəfərli bildirib ki, sement ölkədə istehsal olunsa da, xammalın bir qismi xaricdən gətirilir: «Sementin bahalaşmasında ikinci səbəb sənədləşmə ilə bağlı ola bilər... Qiymətin artmasının səbəbləri ciddi şəkildə araşdırılmalıdır».
 
Ekspert karxanalarla bağlı ekoloji tədbirlərin də qiymətlərə təsirini istisna etmir və havanın çirklənməsinin qarşısını almaqdan ötrü yeni avadanlıqların tətbiqinin də əlavə xərclər yaratdığını bildirir: «Lakin bütün bunlar vətəndaşın ziyanına olmalı deyil. Əgər yerli istehsalçılar qiyməti saxlamaqda çətinlik çəkirlərsə,... xarici istehsalçıların bazara daxil olmasının daha yumşaq formalarını tapıb, qiyməti tənzimləmək mümkündür».
 

Google+ WhatsApp ok.ru