Siyasi məhbuslardan son xəbər

İntiqam Əliyev müalicə müəssisəsinə köçürülüb, valideynləri Tofiq Yaqublu ilə görüşüb, Orxan Əyyubzadənin kamerası dəyişdirilib.

Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin ofisindən müsadirə edilən sənədlər prokurorluq tərəfindən geri qaytarılıb. Həmin sənədlər Avropa İnsan Haqları Məhkəməsinə aiddir. Sənədlər vəkil Cavad Cavadova təqdim olunub.

Vəkil bununla bağlı musavat.com-a bunları deyib: “Sənədlər götürülərkən protokollaşdırılmamışdı. Nə sənəd varsa, hamısı götürülmüşdü. Məni dəvət edərək, sənədləri protokollaşdırıb, qaytardılar”.

Onu da qeyd edək ki, İ. Əliyevin  səhhətində yaranan problemlər onun həyatı baxımından təhlükəli hala gəlib.

Bu barədə də danışan vəkil C. Cavadov İ. Əliyevin müalicə müəssisəsinə köçürüldüyünü bildirib: “İntiqam Əliyevlə görüşəsiydim. Ailəsi vasitəsilə xəbər göndərmişdi ki, onu müayinə olunmaq üçün Bakı İstintaq Təcridxanasından başqa yerə aparırlar. Bu onu göstərir ki, İntiqam müəllimin səhhəti o qədər ağırlaşıb ki, onu təcridxana daxilində müalicə etmək mümkün deyil. O, İstanbuldakı olay zamanı zədələr almışdı. Onun təsiri indi özünü büruzə verir.  Özü imkan vermirdi ki, biz bunu ictimailəşdirək.  Bir neçə gün əvvəl keçirilən məhkəmədə az qala özündən getmişdi. Havasızlıqdan bir ayağı da tutulmuşdu. Həmin gün təcridxana rəhbərliyinə bununla bağlı məlumat verdim. Görünür, bu öz müsbət təsirini verib. Artıq İntiqam müəllim başqa yerə aparılıb. Ümid edirik ki, onun səhhətinin bir daha pisləşməməsi üçün müəyyən tədbirlər görüləcək. Biz Avropa Məhkəməsinə müraciət hazırlayırıq. İntiqam müəllimin işi artıq Avropa Məhkəməsindədir. İnanırıq ki, ədalət yerini tutacaq”.

Digər məhbusların da  son durumları ilə maraqlandıq.

Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu oktyabrın 26-da atası ilə çətinliklə olsa da, görüşə bilib. Görüş barədə Nigar Yaqublu bunları dedi: “Çətinliklə görüşümüz alındı. Babamla nənəm atamla görüşmək üçün Gürcüstandan gəlmişdilər. Görüşün gələn həftə olacağını bildirirdilər. Demək olar ki, 6 saatdan çox soyuq hava və yağışda gözlədik. Axşam saatlarında görüşə icazə verildi. Gec olduğuna görə yarım saat görüş oldu. Əsas atamın valideynləri ilə  görüşünün baş tutması idi. Elə bir ciddi problem yoxdur. 15 gündən sonra görüş planlaşdırırıq”.

Həbsdəki hüquq müdafiəçisi Leyla Yunusun vəkili Fariz Namazlı müvəkkilinin  həbs müddətinin uzadılması ilə bağlı apelyasiya  şikayəti verdiklərini söylədi: “Yaxın vaxtlarda Leyla xanımla görüşməmişəm. Onun həbs müddətinin uzadılması ilə bağlı apelyasiya şikayəti vermişik”.

Müsavat başqanının həbsdə olan müavini Fərəc və Sirac Kərimli qardaşlarının atası Raqif Kərimli hər şeyin qaydasında olduğunu bildirdi: “Tez-tez telefonla danışırlar. Ciddi bir problem yoxdur. Səhhətləri normaldır. Bugünlərdə görüşəcəyik”.

“Ayna-Zerkalo” qəzetinin həbsdəki əməkdaşı Rauf Mirqədirovun da həbs müddəti yenidən uzadıla bilər. Bu barədə jurnalistin vəkili Elmar Süleymanov məlumat verib: “Demək olar ki, Rauf bəyin istintaqı aparılmır. Bu baxımdan məhkəmə olmur. İş bitməlidir ki, məhkəmə olsun. İkinci dəfə həbs müddətinin artırılması ehtimalı yüksəkdir”.

Gənc siyasi məhbus Orxan Əyyubzadənin təcridxanada kamerasını dəyişdiriblər. Bu barədə ailəsi ilə telefonla danışarkən gənc fəal özü məlumat verib. Bununla bağlı anası Rəhimə Məmmədova sosial şəbəkədə belə bir status paylaşıb: “Orxan zəng etmişdi. Hər kəsə salam söylədi. Saxlanma şəraitindən şikayətləndi. Kamerasını dəyişdiriblər. Nəticədə apardığım sovqatlar əvvəlki kamerada qalıb. Bunları tələb edəndə isə karsa salacaqları ilə hədələyirlər. Orxan ən çox soyuqdan şikayətlənir. Təcridxana daxilində istilik sistemi işləmir. Xahiş edirəm ki, oğluma kömək edin”.  /musavat.com/

 

Google+ WhatsApp ok.ru