Siyasi məhbusların azad edilməsi çağırışı

Ötən 2015-ci ildə Azərbaycanda insan hüquqları sahəsində vəziyyət pisləşməkdə davam edib, bu barədə Turan-a Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri elşən Həsənov bildirib.

 
“Ölkədə əsassız həbslər praktikası, qanunazidd məhkəmə qərarları, işgəncədən ölüm, həbsxanalarda və polis şöbələrində intihar cəhdləri davam edir, toplaşmaq azadlığı, söz azadlığı məhdudlaşdırılır, mətbuata təzyiq davam edir, jurnalistlər fiziki hücumlara məruz qalır, şəxsi mülkiyyət hüququ tapdanır”, deyə Həsənov bildirib.
 
Onun sözlərinə görə, işgəncədə iştirak etmiş vəzifəli şəxslərdən heç kim indiyədək cəzalandırılmayıb.
 
Beləliklə, Azərbaycanda Avropa İnsan Hüquqları Konvensiyasının maddələri, xüsusən, 3-cü (işgəncələrin qadağan edilməsi), 5-ci (azadlıq və şəxsi toxunulamzlıq hüququ), 6-cı (ədalətli məhkəmə təhqiqatı), 7-ci (müstəsna olaraq qanun əsasında cəzalandırma), 9-cu (fikir, vicdan və din azadlığı) və 11-ci (toplaşmaq və birləşmək azadlığı) maddələri pozulur.
 
İnsan hüquqları üzrə beynəlxalq təşkilatların nümayəndələri ölkəyə buraxılmır. “Hakimiyyət vətəndaş cəmiyyətinin dialoq və əməkdaşlıq çağırışlarına açıq-aşkar məhəl qoymur. Hesab edirik ki, müxalifətə, vətəndaş cəmiyyətinə münasibətdə qarşıdurma siyasəti sabitlik və hüquqi dövlət quruculuğu üçün müsbət ola bilməz”, deyə Həsənov bildirib.
 
2016-cı il ərəfəsində hakimiyyət xoş məram nümayiş etdirməli və siyasi məhbusları azad etməli, Avropa Konvensiyasına uyğun olaraq siyasi azadlıqları bərpa etməlidir, deyə o qeyd edib.
 
* Siyasi Məhbusların Monitorinqi Mərkəzi 2014-cü ilin payızında bir qrup keçmiş “vicdan məhbusu” tərəfindən yaradılıb.contact.az /

Google+ WhatsApp ok.ru