İslam ölkələri arasında ticarət mübadiləsinin 25 faizə qədər artması planlaşdırılır

İslam ölkələri arasında ticarət mübadiləsinin 25 faizə qədər artması planlaşdırılır

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 2016-2025-ci illəri əhatə edən yeni onillik inkişaf proqramı çərçivəsində üzv ölkələr arasında ticarət mübadiləsinin həcmini artırmağı qarşısına məqsəd qoyub.
 
Maide.Az xəbər verir ki, İƏT-in Ticarətin İnkişafı üzrə İslam Mərkəzindən bildirilib ki, bunu mərkəzinin direktoru əl-Həsən Ahzayn İƏT-ə üzv dövlətlərin Mərakeşin paytaxtı Rabatdakı səfirliklərinin iqtisadi müşavirlərinin iştirakı ilə keçirilən görüşdə deyib.
 
Yeni proqrama əsasən, üzv ölkələr arasında ticarət mübadilələrin xarici ticarət əməliyyatlarında payı 25 faizə qədər yüksəlməlidir.
 
Bu hədəfin reallaşması yalnız islam ölkələri arasında investisiya və ticarət əlaqələrinin inkişafında qarşıya çıxan maneələrin aradan qaldırılması, ticarətlə bağlı xidmətlərin, xüsusilə nəqliyyat və loqistika sahələrinin, ticarətin maliyyələşdirilməsi, ixracata zəmanət prosedurlarının təkmilləşdirilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi, özəl və dövlət sektorları arasında tərəfdaşlıqların qurulması ilə mümkündür.
 
Mərkəzin direktoru bildirib ki, Türkiyədə keçirilmiş XIII İslam Əməkdaşlıq Təşkilatının Sammiti əsnasında təsdiq edilmiş bu inkişaf proqramı üzv ölkələr arasında qarşılıqlı ticarət prosedurlarının daha da sadələşdirilməsini də nəzərdə tutur.
 
Ahzaynın qeyd etdiyinə görə, üzv ölkələr arasında ticarət mübadiləsi 2015-ci ildə 20,33 faiz təşkil etmişdir ki, bu da 2005-ci ilin dekabrında İƏT-in Məkkə şəhərində keçirilmiş III Fövqəladə Zirvə Görüşündə bu sahə ilə bağlı irəli sürülmüş 20 faizlik hədəfi də keçmişdir. (azertac) 
 

Google+ WhatsApp ok.ru