SİMA Birgə Qrupa etimadsızlıq bəyanatı yayıb

“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansı (SİMA) İnsan Hüquqları üzrə Birgə Qrupla bağlı bəyanat qəbul edib.

SİMA-nın qurucularından olan hüquq müdafiəçisi Oqtay Gülalıyev “Media forum” saytına deyib ki, qurumun bəyanatında Birgə Qrupun formalaşması və fəaliyyəti ilə bağlı narazılıq doğuran məqamlar yer alır.

Bəyanat müəlliflərinin fikrincə, Birgə Qrup cəmiyyətdən gizli və qapalı formalaşdırılıb, bu proses açıq, şəffaf və obyektiv keçirilməyib, qrupa üzv seçmək və seçilmək prosedurları aydın və ədalətli təşkil edilməyib; qrupun məqsədi, məramı, fəaliyyət prinsipləri və statusu aydın deyil, mücərrəddir; hakimiyyət yetkililərinin rəhbərlik etdiyi Birgə Qrupun tərkibi əsasən iqtidar və iqtidar yönlü şəxslərdən təşkil olunub ki, onların əksəriyyəti ölkədə siyasi məhbus probleminin olmadığını iddia edirlər...

Alyans hesab edir ki, Birgə Qrupun Azərbaycanda insan haqlarının qorunmasına, siyasi məhbus probleminin həllinə obyektiv və ədalətli yanaşacağı inandırıcı deyil: “Ölkədə 100-dən çox siyasi məhbusu həbsxanalarda girov saxlayan hakimiyyətin öz nəzarətində olan deputatların, məmurların və hüquq müdafiə təşkilatlarının iştirakı ilə formal qurumlar yaratmaqdansa ictimai-siyasi, hüquq müdafiə, dini, jurnalist fəaliyyətinə görə həbs olunanları dərhal azadlığa buraxması daha düzgün olardı”.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Birgə Qrup oktyabr ayında yaradılıb. Qrupda hökumət, parlament nümayəndələri, QHT təmsilçiləri və hüquq müdafiəçiləri təmsil olunur.  /

Google+ WhatsApp ok.ru