SİM kart almaq qaydaları sərtləşdirilir

SİM kart almaq qaydaları sərtləşdirilir

Başqasının adına olan SİM kartdan istifadəyə görə cərimələr tətbiq edilə bilər

Milli Məclisdə “Telekommunikasiya haqqında” Qanuna əlavə və dəyişikliklər təklif edilib. Yeni dəyişikliyə görə, SİM kartların başqa şəxslərə daimi istifadə, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə kirayəyə verilməsi qadağan olacaq. 
 
Azərbaycan İnternet Formumun prezidenti Osman Gündüz cebhe.info-ya dəyişikliklərin müəyyən problemlər yaradacağını deyib: 
 
“SİM kartın daimi istifadə üçün başqasına verilməsi qadağan olunacaq. Bu, ciddi məsələdir. Amma Milli Məclis yenə də maraqlı tərəflərin iştirakı ilə heç bir ictimai müzakirə təşkil etmir. Ciddi, ictimai əhəmiyyət kəsb edən, vətəndaşların hüquq və azadlıqları ilə əlaqəli məsələlərin bir anda dəyişikliyə məruz qalması adi hala çevrilib”. 
 
Osman Gündüz bu dəyişikliklərin xeyli ailə üçün problem yaradacağını da qeyd edib. 
 
“Əksər ailələrdə uşaqlarda, ailənin hansısa üzvündə olan mobil telefon nömrələri, həmçinin də yaşlı sakinlərin əksərinin nömrələri ailənin başqa bir üzvünün və ya tamamilə başqa bir şəxsin adına sənədləşdirilib. Yəni, valideyn uşağına telefon alanda təbii ki, nömrəni- SİM kartı öz adına sənədləşdirib. Sual yaranır: Qanun qəbul olunandan sonra valideynlər məsuliyyətə cəlb olunmalıdır? Əgər qanun bunu qadağan edəcəksə, onda yeni cərimələr də müəyyən olunacaq. Deməli, insanlar cərimələr ödəməyə hazırlaşmalıdır”. 
 
Osman Gündüz deyir ki, bir müddət bundan öncə nömrə satışı ilə bağlı hökumətin yeni qaydaları müəyyən olunub. Həmin qaydalarda nömrə alanla bağlı məlumatların elektron bazaya daxil edilməsindən və e-Gov Portalına inteqrasiyasından söhbət gedirdi: 
 
“Təklif olunan dəyişikliklərlə hökumət bunu daha da sərtləşdirmək istəyir. Əlbəttə, SİM kartların əldə edilməsinin mexanizminin olması, bəlli yerlərdə satılması cəmiyyətin təhlükəsizliyi və cinayətlərin qarşısının alınması, həmçinin də konkret abonentə bağlanan nömrə ilə müxtəlif xidmətlərin daha effektiv formada əldə edilməsi baxımından anlaşılandır. Digər tərəfdən isə sirr deyil ki, cinayət, terror etmək istəyən elə internetin imkanlarından da istifadə edərək bunu reallaşdıra bilər. Hansısa cərimələrlə bu tip addımların qarşısını almaq mümkün deyilsə, onda bu dəyişikliklərin o qədər də effektiv olacağı şübhə doğurur”.
 
Osman Gündüz hesab edir ki, mobil nömrənin deyil, mobil avadanlığın İMEİ nömrəsinin qeydiyyatı ilə bağlı mövcud sistemdən istifadə edilməsi və abonentin identikləşdirməsinin də mobil operatorlar vasitəsilə gerçəkləşdirilməsi daha effektiv olardı. O.Gündüzün sözlərinə görə, avadanlıqlara qoyulan qadağalarla bu məsələni nəzarətdə saxlamaq olar: 
 
“Nömrə deyil, avadanlıqlara qoyulan qadağaya nəzarət etməklə müəyyən nəticələrə nail olmaq olar. Hansısa bir istifadəçinin tanınması lazım olarsa, hüquq-mühafizə orqanları bu məsələni mobil operatorların özü ilə həll edə bilər. Bu cür addımın atılması əlavə xərclər tələb edəcək”.
 
O.Gündüz hesab edir ki, bu dəyişikliklərə müvafiq olaraq nömrələrin alış-satışı ilə əlaqədar yəqin ki, mobil operatorlara müəyyən göstərişlər veriləcək: 
 
“Bu gündən sonra nömrələrin sənədləşməsi üçün daha sərt mexanizm yaradılacaq. O ki qaldı öncəki illərdə alınan nömrələrə nəzarət mexanizminə, bu, kifayət qədər çətin məsələdir. Qanun qəbul olunduqdan sonra yəqin ki, onun icrası ilə bağlı da hansısa proseslər nizamlanacaq”.
 

Google+ WhatsApp ok.ru