Son yüz ilin ən soyuq qışı gəlir

Son yüz ilin ən soyuq qışı gəlir

2016-2017-ci illərdə Avropada son 100 ilin ən soyuq qışı olacaq.
 
Bu barədə meteoroloqlar xəbərdarlıq edirlər. Onların sözlərinə görə, Qitəyə arktik hava kütlələrinin axını olacaq, Günəş buludların arxasında qalacaq.
 
Avropa meteoroloqları xəbərdarlıq edirlər ki, qış üçün ən isti geyimi hazırlamaq lazımdır. Çünki bu soyuq əvvəlkilərdən fərqlənəcək.
 
Almaniyanın ekoloqları qış aylarında ən aşağı temperatur yanvarda və fevralda müşahidə ediləcəyini bəyan edir. Hətta mart ayı da soyuq olacaq. Yalnız apreldə bir az temperatur yüksələcək.
 
Ekoloqlar bu ilin Avropa üçün ən sərt qış olacağını proqnozlaşdırır. Bu hava kütlələrinin hərəkət istiqamətində müəyyən manelərə rast gəlməsi ilə əlaqədardır. Bununla əlaqədar olaraq cənubdan qarlı və tufanlı siklonlar gəlir. Onun ardınca soyuq arktik kütlələr müşahidə ediləcək.
 
Ekoloqlar havanın temperaturunun azalmasını bildirsələr də, “buz dövrü” haqqında danışmağın hələ tez olduğunu bildirirlər.
 
 
Bəs  Azərbaycanda qış necə keçəcək? 
 
 
Coğrafiya İnstitutunun İqlim şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov Publika.az-a açıqlamasında bu cür hava şəraitinin oktyabr ayında müşahidə edilmədiyini deyib: “Azərbaycana 8 istiqamətdən hava kütləsi daxil olub. Bu günlərdə müşahidə olunan hava şimal-qərb hava kütləsidir. Hava kütlələri bir istiqamətdən daxil olanda 3 gün dayanıqlı olur. Şimal-qərbdən gələn hava Atlantik okeanında, Kanar adaları yaxınlığında yaranan hava kütlələridir. Onlar ölkəmizə dayanıqlı daxil olublar. Bu cür hava kütlələrinin ölkəmizdən çəkilməsi hələ bir neçə gün davam edə bilər. Bu vaxta qədər oktyabr ayında şimal-qərb hava kütləsinin ölkəmizdə bu qədər müddət hakimlik etməsi müşahidə edilməyib. Şimal-qərb hava kütləsi hər zaman yağıntı gətirir. 2000 metrdən yüksək dağlıq əraziyə yağıntı qar şəklində, düzənliklərə isə yağış formasında düşür. Bu cür havanın 5-6 gün dayanıqlı olması və hər gün yağıntıların müşahidə edilməsi oktyabr ayı üçün xarakterik deyil. Metereoloji bülletenlərdə müşahidə dövründə bu vaxta qədər belə hal qeyd olunmayıb”.
 
M.Həsənovun sözlərinə görə, növbəti həftədən tədricən havanın temperaturu yüksələcək: “Oktyabr ayı üçün yağıntının orta çoxillik miqdarı Bakıda 33-35 mm, havanın temperaturu isə 11.4-11.5 dərəcə olmalıdır. Amma indi temperatur yağıntı ilə əlaqədar 9-10 dərəcədir. Növbəti günlərdə temperatur 11-15 dərəcəyə yüksələcək”.
 
Azərbaycanda qışın sərt keçib-keçməməsinə gəlincə, M.Həsənov bunu istisna etmədiyini deyib: “Beynəlxalq metereolojidə proqnoz 1, 3, 5, 10 günlük və nəhayət 1 aylıq verilir. Müddət uzandıqca proqnozun özünü doğrultma ehtimalı azalır. Xalq metereologiyasında yayın nə qədər isti keçməsi qışın da o qədər sərt keçəcəyinə əsas verir. Lakin bunun elmi əsası yoxdur. Xarici ekoloqların verdiyi məlumatı da tamamilə inkar etmək olmaz. Yəqin ki, onlar da elmi mənbələrə əsaslanır. Bizdə ən sərt qış 1972-ci ildə müşahidə edilib. Sonrakı illərdə də bir neçə dəfə bu cür hava qeydə alınıb. Bu il gözlənilməz qış olacağını, temperaturun mənfi 20 dərəcəyə düşəcəyini gözləmirik. Bakıda mütləq minimum temperatur, yəni bir neçə gün 11 dərəcəyə düşə bilər. Lakin orta aylıq temperatur qış aylarında müsbət olacaq. Çox sərt qış gözləmirəm. Ayrı-ayrı günlərdə arktik hava kütlələri daxil olanda temperatur bir neçə gün enə bilər. Ötən il yanvarda mənfi 11 dərəcə temperatur oldu. 2012-ci ildə yanvarın sonunda bu cür hava bir neçə gün davam etdi. O zaman da orta günlük temperatur 1-2 dərəcə olurdu. Son 20 ildə ən sərt qış 2012-ci ildə oldu, yanvar ayının 25-dən fevral ayının 5-dək temperatur mənfi 11-12 dərəcəyə düşdü. Ondan sərt qış hələ ki, olmayıb. Bu il ola bilər ki, 2012-ci ilə yaxın temperatur olsun. Çünki böyük hava kütlələrinin hərəkətinə əsaslanan proqnoz bizdə də özünü göstərir”. (publika.az)
 

Google+ WhatsApp ok.ru