«Sovetski» sakinlərindən evləri boşaltmaq tələb edilir

Yasamal rayonu ərazisində yerləşən "Sovetski" məhəlləsində söküntü işləri davam edir. "Yasamal söküntü" adlı qurum, ərazini tərk etmiş vətəndaşların evlərini sökərək, ərazidə təmizlik işləri aparılıb. Hazırda ərazidə yalnız kompensasiyası razılaşdırılmamış mülklər qalıb. 
 
Dünən "Yasamalın icra başçısı İbrahim Mehdiyev, mənzil kommunal təsərrüfat birliyinin rəisi və polis "Sovetski"yə gələrək sakinlərlə görüşdü. Onlar tezliklə burada söküntü işlərinin aparılmasının vacib olduğunu dedilər. Mənzilin hər bir kvadratına görə mülkiyyətçiyə 1500  manat kompensasiya veriləcəyini bildirdilər. Sakinlərin yaşadığı evin sahəsi kiçik, bu evdə qeydiyyatda olanların sayı isə çoxdur. Ona görə də az həcmdə olan kompensasiyanın məbləği ilə hamının yaşaya biləcəyi mənzilin alınması mümkünsüzdür.   Odur ki, kompensasiyanın həcminin artırılmasını istədik. Bizə bildirdilər ki, bu həftənin sonuna kimi evimizi tərk etməsək, elektrik, qaz, su verilməsi dayandırılacaq. Yəni təzyiq göstərməklə bizi məcburiyyət qarşısında qoyub evimizi satacağımızı düşünürlər".
 
Bu sözləri "Bizim Yol"a "Sovetski" sakini Emin Məmmədov bildirdi. Onun sözlərinə görə, sakinlər yaşayış əraziləri üçün hər kvadrat metrə 2000-2500 manatdan hesablanmasını tələb edirlər. Səbəb isə mənzilin qeyri-yaşayış ərazisinə verilməyən kompensasiyanın yaşayış ərazisinə verilən vəsaitlə ödənməsi və bununla da vətəndaşın yeni köçəcəyi mənzilin mənzil şəraiti, nisbətən mərkəzə yaxın ərazilərdə mənzil almaq istəyidir. 
 
Ötən il iki dəfə devalvasiya olduğunu, manatın  iki dəfə dəyərinin itirildiyini deyən sakinlər kompensasiya məbləğinin artırılmasının vacib olduğunu bildirir.
 
E.Məmmədov onu da deyir ki, "Sovetski"də söküntü işlərinin ən intensiv getdiyi ərazi Füzuli və Mirzağa Əliyev küçələrinin və "Qış parkı" adlanan zolağın davamı kimi nəzərdə tutulan sahədir. Sözügedən sahədə söküntülərin Azərbaycan Akademik Milli Dram Teatrının arxasından üzü yuxarı olmaqla, Nəriman Nərimanov prospektinədək davam edəcəyi planlaşdırılıb. 
 
Sakinlərin verdiyi məlumata görə, onlar bu gün  günorta saatlarında toplaşıb İcra hakimiyyətində yerləşən komissiyaya gedəcəklər. 
 
"Sovetski"də kompensasiyanın məbləği və digər məsələlərlə bağlı ərazi sakinləri ilə söhbət aparıb, problemi araşdırmağa çalışan İnsan Hüquqları İnstitutundan "Bizim Yol"a verilən məlumata görə, söküləcək ərazidə ilkin planlaşdırmaya uyğun olaraq yolun və parkın 2017-ci ilin yanvar ayına kimi təhvil verilməsi nəzərdə tutulub. Lakin vətəndaşlarla mülkiyyətin kompensasiyasına dair yaranan narazılıqlar səbəbilə, köçürmə işlərində müəyyən ləngimə müşahidə olunur ki, bu da öz növbəsində nəzərdə tutulan planın gecikməsinə səbəb olur.
 
Arxitektur və tarixi-mədəni tikililərlə bağlı hər hansısa yekun qərar qəbul olunmayıb. Ərazidəki tikililər, onların tarixinə qarşı biganə münasibət təkcə rəsmi dövlət orqanları tərəfindən deyil, həm də vətəndaşlar tərəfindəndir. 
 
İnsan Hüquqları İnstitutu vətəndaşların narazılıqlarını aşağıdakı şəkildə qruplaşdırıb:
 
1. Vərəsəli mənzillər. Ərazidəki evlərin bir çoxunun yaşı 100-dən yuxarıdır. Bu səbəbdən vərəsəli mənzillərin sayı çoxdur. Məhkəmə hakimiyyətində arzuolunmaz halların olması da bu problemlərin ədalətli həllini ləngidən amillərdən biridir. Bu haqda hələ ki, istər hökumət təşkilatları, istər vətəndaşlar susmağı və məsələnin həllini qeyri-müəyyən gələcək tarixə təxirə salmağı üstün tuturlar.
 
2. Mülkiyyətçilər tərəfindən istifadə olunan köməkçi və qeyri- yaşayış ərazilərinə kompensasiyanın verilməməsi (yəni mülkiyyətçinin mülkiyyətində olan ərazi tam kompensasiya edilmir). Ərazidəki evlərin çoxu ümumi həyətyanı sahələrə malikdir. 100-dən çox yaşı olan bu həyətlərdə zirzəmilər, yarım zirzəmilər, həyətlərdə vətəndaşların istifadə etdiyi şkaflar, mənzillərin damlarında çəpərlənərək istirahət və ya istifadəsiz əşyaların yığılması üçün nəzərdə tutulmuş xüsusi ərazilər, tavanarası ərazilər, pilləkanlar və s. mövcuddur. Bu ərazilər əksər hallarda kompensasiya olunmur. Bu da öz növbəsində vətəndaşlarda müəyyən narazılıqlar yaradır. Hakimiyyət nümayəndələrinin gətirdiyi arqument budur: "Siz həmin mülkiyyətdə yaşamırsınız, buna kompensasiya verilə bilməz", "büdcədə pul yoxdur, ölkədə və dünyada iqtisadi böhrandı, bizi başa düşün" və ya sadəcə kobudcasına "dediyiniz əraziləri ölçmürük və kompensasiya vermirik, get hara istəyirsən şikayət et" şəklində baş verir. Sakinlər isə bu halda yaşayış əraziləri üçün hər kvadrat metrə 1500 manatdan hesablanan ərazilərin, 1500 deyil, 2000-2500 manatdan hesablanmasını tələb edirlər. 
 
3. İlkin mərhələdə söküntüsü nəzərdə tutulmuş 3500 yaşayış və qeyri-yaşayış obyektlərindən, hazırda alqı satqısı getməyən mülkiyyətlərin əksəriyyətinin az kvadratlı olması (ümumi olaraq isə "Sovetski" məhəlləsində 10500 yaşayış və qeyri-yaşayış əraziləri sökülməlidir). Mülkiyyətlərə verilən kompensasiya mülkiyyətin hər bir kvadrat metrinə görə hesablanır. Bu səbəbdən mülkiyyət az kvadratlı olduğu zaman ona verilən kompensasiya məbləği də az olur. Az kvadratlı mənzilin kompensasiya məbləği hər kvadrat üçün 1500 manatdan hesablandıqda təxmini hesabla 30-35 min manat arası məbləğ edir. Bu məbləğə isə faktiki olaraq bir otaqlı, orta təmirli mənzil (minimumla götürsək 25-30 kvadrat metr ərazisi olan) almaq mümkün deyil. Hakimiyyətin dediyi arqument budur ki : "biz heç bir şey edə bilmərik, mənzilinizin ərazisi bu qədərdir". Vətəndaşlar isə söküntü işinə görə rəsmi qaydada heç kimə müraciət etmədiklərini, dövlət ehtiyacına görə ərazi alınırsa bundan zərərli çıxmaq istəmədiklərini, onların Bakı şəhərinin mərkəzinə yaxın ərazilərdə sahib olduqları mənzilin kvadrat metri və təmirliliyi ilə eyni səviyyədə mənzillə təmin edilməsidir". 
İnstitut tərəfindən aparılan sorğular və araşdırmalara əsasən məlum olub ki, "Sovetski" məhəlləsi sakinləri üçün Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində inşa olunan binanın tikintisində işlər aşağı templə irəliləyir. Binanın təxmini hesablara görə bu gedişlə may-iyun ayları üçün təhvil veriləcəyi ehtimal edilir. Yasamal Rayon İcra Hakimiyyəti "Sovetski" məhəlləsində mənzillərinin qarşılığında Bakı şəhəri  Nərimanov rayonunda inşa olunan binada mənzillə dəyişməyə razılıq vermiş sakinlərə, mənzillər istifadəyə verilənədək hər ay 200 manat kirayə haqqı ödəməyə dair öhdəlik götürsələr də, aprel ayı üçün ödəniş hələ ki həyata keçirilməyib.
 
Qeyd edək ki, söküntüsü hazırda davam edən "Sovetski" məhəlləsi şəhərin mərkəz ərazilərindən biridir. Vətəndaşların əksəriyyətinə, hazırda isə hələ də alqı-satqı etməmiş vətəndaşların 90 faizinə ödənilən kompensasiya ilə onlar ən yaxşı halda yalnız şəhər mərkəzindən 10-15 kilometr uzaqlıqda mənzil əldə edə bilərlər.(bizimyol)
 

Google+ WhatsApp ok.ru