Sürücülərin “dosta zəng”, “paqon yoldaşıyam” məsələlərinə SON

Yeni DYP avtomobillərindəki kameralar aşkar olunan qayda pozuntusunu dərhal sistemə vuracaq. 
 
Maide.az-ın avtosfer.az-a istinadən məlumatına görə, təxminən bir ay əvvəl Dövlət Yol Polisi üçün yeni müasir patrul avtomobilləri gətirilib.
 
“Elektron patrul” sistemi ilə təchiz olunmuş bu avtomobillərin may ayından küçə və yollarımızda istifadəyə veriləcəyi gözlənilir.
 
Bu patrul avtomobillərinin özəlliyi ondan ibarətdir ki, onlar 360 dərəcədə (yəni dörd tərəfdə) tam müşahidə aparmaq funksiyasına malik videokameralarla və bu videokameraların qeydə aldığı bütün qayda pozuntularının DYP-nin Mərkəzi Məlumat Sisteminə ötürülməsi üçün avadanlıqla təchiz edilib.
 
Həmin patrul avtomobilləri küçə və yollarda hərəkət edərkən qanunvericilikdə nəzərdə tutulan qayda pozuntularını qeydə alaraq real vaxt rejimində DYP-nin Mərkəzi Məlumat Sisteminə ötürəcək, bunun əsasında isə sürücülərin “MMX protokol” kimi tanıdıqları elektron protokollar tərtib olunacaq. 
 
Özü də bu zaman patrul avtomobillərində xidmət edən DYP əməkdaşlarının qaydanı pozan sürücünü saxlamasına, yerində uzun-uzadı söhbətlər aparmasına, daha sonra protokol tərtib etməsinə heç bir ehtiyac qalmayacaq. 
 
Bu avtomobillərdə quraşdırılan “elektron patrul” hətta istənilən kütləvi qayda pozuntularını da qeydə alaraq sənədləşdirməyə və bunu edən sürücüləri cərimələməyə imkan verəcək.
 
Nəzərə alın ki, bu avtomobillər istifadə ediləndən sonra yol polisi saxlayanda “dosta zəng”, “mən filankəsin adamıyam”, “paqon yoldaşıyam” və s. bu kimi məsələlər öz əhəmiyyətini itirəcək.

Google+ WhatsApp ok.ru