Sürücülər lisensiya ala bilmir, yol polisi isə tələb edir

Oxuculardan biri Elxan Nuriyev taksi sürücülərinin üzləşdiyi problemlə bağlı məlumat verib. Onun bildirdiyinə görə, artıq bu həftədən etibarən yol polisi əməkdaşları taksi sürücülərini saxlayaraq lisenziya tələb edirlər: «YPX taksiləri saxlamağa başlayıb. Lisenziya tələb edirlər. Lisenziyanı kim verir? Nəqliyyat Nazirliyi vermir, deyirlər «ASAN Xidmət» məşğuldur. «ASAN Xidmət»dən də deyirlər ki, noyabrdan sonra qaydalar təsdiqlənəcək. İndi camaat nə etməlidir?».
 
Xatırladaq ki, bir neçə gün əvvəl Prezident İlham Əliyevin imzaladığı fərmanla taksilərə, sərnişin və yükdaşıma ilə məşğul olan avtomobillərə lisenziyanın verilməsi Nəqliyyat Nazirliyindən alınaraq «ASAN Xidmət»ə verilib. Bundan əlavə, taksi, yük və sərnişindaşıma ilə məşğul olanlara nəzarət də Nəqliyyat Nazirliyindən alınaraq Daxili İşlər Nazirliyinə, yəni, Dövlət Yol Polisinə verilib. Lakin hələlik bu dəyişikliklə bağlı baza tam formalaşdırılmayıb və bununla bağlı aidiyyatı orqanlara iki ay vaxt verilib. Yaxşı olardı ki, yaranmış vəziyyəti nəzərə alaraq, Dövlət Yol Polisi İdarəsi bu iki ay ərzində taksi sürücülərini sıxışdırmasın. Çünki ortada lisenziya verəcək qurum yoxdursa, bunu tələb etmək də məntiqə uyğun deyil…

Google+ WhatsApp ok.ru