Strasburqda Azərbaycandakı siyasi məhbusların azadlığa buraxılması tələbi ilə aksiya keçirilib

Strasburqda Azərbaycandakı siyasi məhbusların azadlığa buraxılması tələbi ilə aksiya keçirilib

Bu gün Strasburqda Avropa Şurasının mənzil-qərargahının qarşısında Azərbaycanda siyasi məhbusların azad edilməsi  tələbi ilə etiraz aksiyası keçirilib. Aksiyada Avropada yaşayan azərbaycanlı siyasi mühacirlər iştirak ediblər.
 
Aksiyada çıxış edən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) icraçı direktoru Emin Hüseynov AŞPA üzvlərini Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamənin qəbul olunmasına çağırıb. Sənəd assambleyanın bugünkü iclasında müzakirə olunacaq.
 
O, Azərbaycan rəhbərliyindən bütün siyasi məhbusların azad olunmasını tələb edib.
 
E.Hüseynov Avropa Şurası ölkələrini siyasi məhbus problemini “birdəfəlik” həll etmək üçün Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çağırıb.
 
Bu gün AŞPA məruzəçisi Sunna Evarsdottirin Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatı müzakirə olunacaq. Sənəddə qeyd olunur ki, Azərbaycanda siyasi məhbuslar problemi sistematik xarakter alıb. Həmçinin bəzi fəalların işləri ilə bağlı AİHM qərarlarının icra olummadığı göstərilir. Qətnamə layihəsində ölkənin AŞ qarşısında öhdəliklərinə tam əməl etməsi və insan hüquqlarına hörmətlə yanaşması ilə bağlı təkidli tövsiyələr var.
 
Yerli hüquq müdafiəçilərinin məlumatına görə, Azərbaycanda siyasi məhbusların sayı 120-dən 160 nəfərə qədərdir. /concat.az

Google+ WhatsApp ok.ru