Sulutəpə sakinləri suya həsrət qalıblar- FOTO

Sulutəpə sakinləri suya həsrət qalıblar- FOTO

Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, "Yuxarı Məhəllə" adlanan ərazidə yaşayan sakinlər illərdir ki, kommunal problemlərdən əziyyət çəkirlər.

 

Məhəllə təpələrin ətəyində yerləşdiyindən qış aylarında yollar keçilməz vəziyyətə gəlir. Yay aylarında isə sakinlər su problemi yaşayırlar. Yolların qəzalı durumda olması isə bu ətrafda yaşayan sakinləri cana yığıb.

 

Qəsəbənin su problem isə sakinlərin güzaranını daha da çətin vəziyyətə salır. Sakinlər deyir ki, rayon icra hakimiyyəti nümayəndələri bu problemlərdən xəbərdar olsalar da, heç bir iş görmürlər.

 

Musavat.com-un əməkdaşı "Yuxarı Məhəllə" adlanan ərazidə olub və qəsəbə sakinlərinin problemlərini dinləyib. Sulutəpə qəsəbəsi, "Yuxarı Məhəllə"də, yüksək təpələrin üzərində evlər qurub yaşayan sakinlər 10 ildən çoxdur ki, qazsız və susuz yaşayırlar. Çünki qəsəbəyə hələ də tam olaraq qaz və su xətləri çəkilməyib.

 

Qəsəbə sakini Elçin Yusifov illərdir ki, susuzluqdan əziyyət çəkdiklərini dedi: “Hər yay gələndə bu cür acınacaqlı durumda qalırıq. Su xətlərinin olmaması əhalini susuz qoyur. Hər ay suya 40-50 manat xərcimiz çıxır. Bir maşın suyun qiyməti 30 manatdır. Yay aylarında isə minumum ayda iki maşına yaxın su istifadə olunur. Bir müddət öncə su idarəsinin işçiləri su xətləri çəkmək üçün camaatdan pul yığdılar. Ancaq alınmadı, işləri dayandırdılar. Pulları isə geri qaytardılar. Ümumiyyətlə qəsəbənin su, qaz problemi tam həllini tapmayıb”.

 

Qəsəbə sakinləri məktəbə uzaq yol gedən azyaşlıların da yollarda susuz qaldığını dedilər: “Məktəb uzaqda olduğu üçün uşaqlarımız xeyli yol qət edirlər. Getdikləri yolların toz-torpaq olması bir yana qalsın, bir udumluq su içmək üçün bir yerdə su kranı yoxdur. Məktəbin həyətində su kranı olsa da, şagirdlər günlərlə borularda qalan keyfiyyətsiz sudan içməli olurlar. Hər gün mağazadan uşaqlar üçün su almağa məcbur oluruq. Hər il söz verirlər ki, su xətləri çəkiləcək. Müəyyən işlər görürlər, ancaq heç bir müsbət nəticə yoxdur”.

 

“Yuxarı məhəllə” sakinlərinin problemləri ilə bağlı daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

 











 

Google+ WhatsApp ok.ru