Sumqayıtda vəhhabilər arasında baş vermiş silahlı münaqişə üzrə məhkəmədə əlavə şahidlər dindirilib

Sumqayıtdakı silahlı münaqişəyə görə tutulan şəxslərin Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi davam edir. Dekabrın 2-si prosesdə daha bir neçə şahid dindirilib.

Ötən ilin dekabrında baş vermiş silahlı münaqişəyə görə ümumilikdə 13 nəfər mühakimə olunur. Prosesdə 6 zərərçəkən, 71 şahid keçir. Silahlı münaqişə ekstremist təmayüllü xəvaricilərlə sələfi təriqətinə mənsub bir qrup şəxs arasında baş verib. Nəticədə bir neçə Sumqayıt sakini xəsarət alıb. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.

“Media forum” saytına danışan vəkil Fariz Namazlı deyib ki, 2 dekabr prosesində hal şahidləri və əlavə şahidlər dindirilib: “Üç vəkil əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatət verdi. İttiham olunan Anar Rəhimovun anası və bacısı dindirildi. Dedilər ki, Anar Rəhimov tutulan gün evdə axtarış aparılıb, amma heç bir silah-sursat tapılmayıb, o tutulandan beş gün sonra təkrar axtarış aparılıb və qumbara, bıçaq, başqa silahlar aşkar edilib. Sual etdilər ki, axı Anar həbsdə ola-ola silahı evə necə düşüb, deməli, polis gətirib”.

Digər əlavə şahidlər dekabrın 9-da dindiriləcək.


Qeyd edək ki, ötən il dekabrın 11-də Sumqayıtda xəvaricilərlə sələfilər arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə təqsirli bilinən 16 nəfər həbs olunmuşdı.

 

Google+ WhatsApp ok.ru