Sumqayıt yolu yenə çökür

Bir müddət öncə sürüşmə qeydə alınan Sumqayıt yolunun Bakı Beynəlxalq Avtovağzal yaxınlığındakı hissəsində çatlar getdikcə genişlənir.
 
Qeyd edək ki, prezident İlham Əliyevin oktyabrın 25-də Sumqayıt şəhərinə səfəri öncəsi Avtovağzalın yaxınlığındakı yolda çatların üstü asfaltlanıb. İlk günlərdə asfalt örtüyünün altında qalan sürüşmə çatları görünmürdü. Lakin son 3 gün ərzində alt qatda sürüşmənin davam etməsi və çatların daha da genişlənməsi sonradan əlavə edilən asfalt layına da təsir edib. Artıq yeni salınan asfalt örtüyündə çatlar və çökəklər əmələ gəlib. Bu hərəkətlilik yolun orta və sol kənar zolaqlarında da özünü göstərib. Bu da sonradan əlavə edilən asfalt qatının altındakı sürüşmə hərəkətinin nə dərəcədə təhlükəli olduğunu göstərir.
 
Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov açıqlamasında həmin ərazidə baş verən sürüşmə-çökmə hərəkərinin ciddi məsələ olduğunu demişdi: “Hazırda orada ciddi iş gedir, yaxın vaxtlarda başa çatacaq. Ərazidə qorxulu halın baş verməsinin qarşısı alınıb. İstinad divarlarının aşmaması üçün dirəklər vurulub. Bu məsələ ciddi nəzarətdədir. Biz əraziyə mütəxəssislərlə birgə baxış keçirmişik və belə qənaətə gəlmişik ki, bu işlər görülməlidir. İşlər də həyata keçirilir. İnşallah, ona görə də ciddi, qorxulu bir hadisə ola bilməz”. (qafqazinfo.az)

Google+ WhatsApp ok.ru