Suraxanı RİH sakinlərə şərt qoydu: “Köçmək istəməyənlər sənəd versinlər ki...”

“Suraxanı Rayon İcra Hakimiyyəti sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən 55 ailəyə xəbərdarlıq edib. Onlar üç gün müddətinə köçməlidir. Köçmək istəməyənlər notariusdan təsdiqləməklə məsuliyyəti üzərilərinə götürmələrinə dair bizə izahat verməlidir”.
 
Bunu virtualaz.org saytının müxbirinə açıqlamasında Suraxanı Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi Xanoğlan Allahverdiyev bildirib.
 
X.Allahverdiyev deyib ki, Fövqəladə Hallar Nazirliyi və digər qurumların araşdırmalarına əsasən 120 fərdi yaşayış evi qəzalı ev kimi siyahıya alınıb: “Yəni baxış keçirilən evlərin sayı 120-dir. 52 evin qəzalı olmasını Nazirlər Kabineti təsdiqləyib və Fövqəladə Hallar Nazirliyinə tapşırıq verilib, 52 ev köçürülməlidir. Qalanların təhlükəsizliyinin təmin edilməsi rayon icra hakimiyyətinə tapşırılıb. İcra hakimiyyəti də bildiriş-xəbərdarlıq təqdim edib ki, vətəndaşa burada yaşamaq olmaz, təhlükəlidir. Köçürülən 52 evin sakinlərinə də kirayə pulu ödəniləcək. Amma onların kirayədə nə qədər yaşayacağı Nazirlər Kabinetinin qərarından asılıdır. Nazirlər Kabineti qərar verməlidir, buna icra hakimiyyəti qərar verə bilməz.
 
Qəzalı evlərdə baş verə biləcək hər hansı bir qəzaya görə rayon icra hakimiyyəti məsuliyyət daşıyır. Ona görə də vətəndaşa xəbərdarlıq etmək məcburiyyətindədir. Hazırda işıq, qaz və su idarəsinin əməkdaşları işıq, su və qaz verilişini dayandırır”.
 
Sakinlər isə deyir ki, onlar cavab gözləyirlər: “Tək qeydiyyatda olan evlər deyil, ümumilikdə bütün evlər köçürülməlidir. İşıq, qaz, su kəsiləndən sonra evdə necə yaşamaq olar?”
 
Xanlar küçəsinin sakini Təranə Musayeva deyir ki, evi qəzalı evlərin siyahısına salınıb: “Binəqədidə ev yandı, neçə nəfər öldü. Bundan sonra əl-ayağa düşdülər. İndi gözləyirlər ki, Zığda faciə baş versin, kimsə ölsün, bundan sonra səsimizi eşitsinlər?!”
 
Digər sakin isə deyir ki, onları kirayəyə köçürəndə 1 ayın içərisində kompensasiyanın ödəniləcəyi vəd edilib: “Sonradan isə dedilər ki, kompensasiyanı verməyə imkanımız yoxdur. Kirayə haqqını kənd soveti öz cibindən verir ki, başınıza bir iş gəlməsin. Bizim tələbimiz odur ki, səsimizi Nazirlər Kabineti eşitsin. Qəzalı evlərdə yaşayanların həyatı təhlükədədir”.
 
Sakinlərdən biri isə magistral yolu bağlayaraq aidiyyəti qurumların diqqətini çəkməyə çalışdıqlarını, lakin döyüldüklərini dedi: “İndi də mətbuata xəbər verənləri müxtəlif yollarla susdurmağa çalışırlar. İcra hakimiyyəti mətbuata açıqlama verməyimizi istəmir”.
 
Sakinlər tələbləri yerinə yetirilməyənə qədər aksiya keçirəcəklərini də bildirdilər.
Qeyd edək ki,  Zığ qəsəbəsində qəzalı evlərdə yaşayan sakinlərdən birinin evi ötən axşam uçaraq yararsız hala düşüb. 
Bu gün Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) nümayəndələri qəsəbəyə gəlib və əhaliyə xəbərdarlıq bildirişi paylayıb.
 
Həmin bildirişdə deyilir ki, sakinlər evləri tərk etməsələr, baş verəcək hər hansı faciəyə görə sakinlərin özləri günahkar sayılacaq. Onlara kirayə pulu üçün 250 manat təklif olunub, amma sakinlər neçə ay kirayədə qalacaqlarını bilmirlər, bununla bağlı onlara heç nə deyilməyib.

 

Google+ WhatsApp ok.ru