Suriyaya getmək istəyən 16 azərbaycanlı tutulub

Türkiyənin milli təhlükəsizlik naziri İsmət Yılmaz Türkiyə sərhəddində Suriyaya getmək istəyərkən saxlanılan azərbaycanlıların sayını açıqlayıb 
Virtualaz.org saytı xəbər verir ki, nazir son 4 ildə 16 Azərbaycan vətəndaşının Suriyaya getmək istəyərkən sərhəddə saxlanıldığını açıqlayıb.  
Nazir bu açıqlamanı Türkiyə Böyük Millət Məclisində müxalifət nümayəndələrinin ölkə sərhəddlərində özbaşınalığın olması haqda fikirlər səsləndirməsinə cavabında deyib.
Müxalifətçi deputatlar sərhəddə istənilən şəxsin rüşvət verərək Suriyaya keçə bildiyini və bu nəzarətsizliyin Türkiyənin beynəlxalq imicinə zərər vurduğunu deyiblər. Nazir deputatlara cavab olaraq sərhəddə saxlanılanların statistikasını açıqlayıb.
O, bildirib ki, son 4 il ərzində Türkiyə sərhəddində saxlanılanların sayı 24 min 591 nəfərdir. Onların 23 min 468 nəfəri Suriya vətəndaşıdır. Nazirin açıqlamasına görə, saxlanılanlar arasında ən çox Rusiya (62 nəfər), Liviya (15 nəfər), Almaniya (14 nəfər), Çin (45 nəfər) və Azərbaycan (16 nəfər) vətəndaşları var. İ.Yılmaz son 4 ildə Türkiyəyə qaçmaq istəyənlərin də sayını açıqlayıb. Nazir bu şəxslərin sayının 102 min 946 nəfər olduğunu deyib. Onlardan 101 min 68 nəfərinin Suriya vətəndaşı olduğunu qeyd edib. Suriyadan Türkiyəyə qaçmaq istəyən digər ölkə vətəndaşlarının siyahısında isə Azərbaycan vətəndaşı yoxdur./

Google+ WhatsApp ok.ru