Tarif Şurası anbarlara da qiymət qoyacaq

Tarif Şurası anbarlara da qiymət qoyacaq

Azərbaycanda qiymətlərini (tarifləri) dövlətin tənzimlədiyi xidmətlərin siyahısı bir az da artıb. Nazirlər Kabineti (NK) bununla bağlı "Qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"na dəyişikliklər edib.
 
Bu haqda NK-nın rəsmi internet səhifəsində xəbər verilir.
 
Dəyişiklik müvəqqəti saxlanc yerlərinin, anbarların qiymətləri ilə bağlıdır.
 
Siyahıya 43-cü hissə əlavə edilib.
 
Əlavədə deyilir ki, ölkənin gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların müvəqqəti saxlanc yerlərində qiymətləri də Tarif Şurası müəyyən edəcək.
 
Ancaq gömrük orqanlarının sərəncamında olan anbarların qiymətlərinin müəyyən edilməsi istisna təşkil edir.
 
Yeni açıqlanmış dəyişiklikləri Nazirlər Kabineti martın 28-də təsdiqləyib.
 
Tarif Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin, xidmət haqlarının, yığımların düzənlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanıdır. Quruma iqtisadiyyat naziri sədrlik edir.
 
Ölkədə enerjidaşıyıcıların, suyun, istiliyin, dəmiryolun, dərmanların, təhsil və bir sıra xidmətlərin qiymətini Tarif Şurası müəyyən edir.(azadliq.org)

Google+ WhatsApp ok.ru