Tarif Şurası yalan danışır, yoxsa Statistika Komitəsi?

Tarif Şurası yalan danışır, yoxsa Statistika Komitəsi?

Dərmanların qiymətinin tənzimlənməsi məsələsi xeyli vaxtdır ki, müzakirə mövzusudur. Tarif Şurası bir müddət əvvəl açıqladı ki, 9850 dərmanın satış qiymətini təsdiqləyib. Ümumilikdə 90 faizdən çox dərmanın qiyməti endirilib. Tarif Şurası iddia edir ki, 44 faiz dərmanın qiyməti 2 dəfədən çox, 25 faizinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb.
 
Iqtisadçı-ekspert Rövşən Ağayev dərmanların ucuzlaşması barədə hökumətin iddialarına münasibət bildirib. Ekspert bu barədə fikirlərini “facebook” səhifəsində paylaşıb. Rövşən Ağayev yazır ki, dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi nəticəsində kəskin ucuzlaşma barədə rəsmi təbliğat aparılır. Ayrı-ayrı dərmanlarda ucuzlaşma da istisna olunmur. Amma elə rəsmi statistika göstərir ki, ərzaq və qeyri-ərzaq malları içərisində bahalaşmanın lideri məhz dərman vasitləridir: “Dövlət Statistika Komitəsininÿməlumatına görə, bu ilin 7 ayında dərmanların qiyməti 34 faiz, tibbi təyinatlı digər məhsullar isə 24 faiz bahalanıb”.
 
Maraqlıdır, iki dövlət qurumu – Tarif Şurası və Statistika Komitəsi bir-birinə əks açıqlamalar verir. Bu mənada, görəsən, əhali dərmanların ucuzlaşmasına inanmalıdır, yoxsa bahalaşmasına?
 
 
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov istehlakçılar arasında narazılıqlar olduğunu deyir. Təşkilat rəhbəri bir sıra dərmanların sayının azaldılmasıyla qiymət disproporsiyası yaradıldığını hesab edir.
 
“Əhali dərmanların ucuzlaşmasının tam şəkildə aparılmadığını söyləyir. Onlar bəzi firmalara güzəştlər tətbiq edildiyini, onların ucuzlaşmadan kənarda saxlanıldığını deyir. Eləcə də alman aptekləri şəbəkəsinə dərman ucuzlaşması şamil olunmayıb. Bundan başqa, bəzi dərmanlar ümumiyyətlə, bazarda yoxdur. Məsələn, ”Omnikokas” buna misal ola bilər. Insanlar bəzi dərmanların yoxa çıxdığını deyir. Bizə gələn zənglərdən belə nəticə çıxır ki, dərmanların ucuzlaşdırılmasıyla bağlı birmənalı fikir söyləmək olmaz”, – deyə Eyyub Hüseynov bildirib. (azadliq.info)
 

Google+ WhatsApp ok.ru