İtkin düşən neftçilərin axtarışı nəticə verməyib

Dekabrın 4-də Günəşli platformasında baş vermiş yanğın zamanı itkin düşən 23 neftçinin axtarışı nəticə verməyib.
 
FHN-in məlumatında deyilir ki, dənizdə   nazirliyin “Vixr-5” və “Vixr-8” tipli 2 gəmisi yanğının söndürülməsi, 2 helikopteri və “B-200ÇS” təyyarəsi itkin düşənlərin axtarışını aparır.
 
Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır.
 
Bundan başqa “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar mümkün neft dağılmaları ilə mübarizə üçün Fövqəladə Hallar Nazirliyi, SOCAR və BP şirkəti olmaqla işçi qrupu yaradılıb.
 
Ərazini mümkün neft dağılmalarından qorumaq məqsədi ilə su səthinə FHN-in Xəzər Hövzə Qəza–Xilasetmə Xidmətinin çoxtəyinatlı və çoxfunksiyalı “Svetlomor-2” və “Sanmar” gəmiləri tərəfindən bon çəpərləri qurulur.
 
Dekabrın 4-də saat 17.40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Qəza baş verən zaman platformada 63 neftçi olub. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 nəfərin cəsədi sudan çıxarılıb. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.

Google+ WhatsApp ok.ru