Torpağa gömülən sərvət

Vaxtı ilə BTC boru kəmərinin ilkin mərhələsinə maraqlı bir layihə daxil edilmişdi: kəmərin keçəcəyi bütün marşrut boyunca müəyyən ərazi daxilində arxeoloji tədqiqatların aparılması və tapılan tarixi əhəmiyyətli materialların qorunub saxlanması. Tədqiqatlar Arxeologiya İnstitutunun əməkdaşları və şirkətin ingilis arxeoloqu tərəfindən aparılırdı. O zaman ən maraqlı tapıntılardan biri Goranboyun Borsunlu kəndində aşkar edilmişdi. Marşruta istiqamətinə düşən həmin Borsunlu kurqanlarının qazıntısında müşahidəçi kimi mən də iştirak etmişəm. Tarix kitabından oxuduğum maraqlı dəfn adətlərindən birini öz gözlərimlə orda gördüm. Tədqiqatçı alimlərin izahına görə sıralı məzarlardan ibarət kurqanda zəngin bir ailənin üzvləri dəfn olunmuşdu. Ev əşyaları, qab-qacaqları, bəzək-düzəkləri də yanlarında… İnsanların sümükləri belə çürüsə də, qabların, muncuqların, qolbaqların, boyunbağıların forması olduğu kimi qalırdı. Zarafat deyil, yüz illər keçmişdi üstündən. Qəribə hisslər keçirmişdim onda. Çox uzaq əsrlərdə zəngin bir ailə yaşayıb buralarda, sonra ölüm gəlib bir-bir torpağa gömüb hamısını, var-dövlətlə birlikdə sümükləri belə çürüyüb gedib. Artıq onların kimin kimsənəsi olduğunu belə xatırlayan, bilən yox…
 
Və bir az sonra böyük arzular kəməri olan BTC-dən də milyonlar axmağa başlayacaqdı. Sonra o milyonların bölgüsü, oğurluğu, üstündə qopan davalar. O zaman mənim təsəvvür edə bilməyəcəyim dəhşətli şeylər. Bu günə gəlib çıxdığımız acınacaqlı həyat mənzərələri, müflisləşmə, yoxsullaşma, işsizlik. Kiçik bir qrupun varlanması fonunda baş verən ağıl almaz cinayətlər. Korrupsiya qalmaqalları, qanunsuzluq, zorakılıq rejimi, sanksiya təhdidləri. Ölkənin xəzinəsindən çırpışdırılan milyardlar üçün bu qədər abırdan-həyadan getməyə dəyərdimi, yəni? Sonunda yığdığınız bu qədər haramı silib-süpürüb o tərəfə aparacaq deyilsiniz ki…
 
Bolluq içində yaşamağın hüzurlu bir şey olduğunu kimsə inkar etmir, əlbət. Amma böyük zənginliyin də başağrısından başqa bir şeyə yaramadığı fikrindəyəm. Təcrübəmiz göz önündə. Bu ölkənin başından aşan milyardlarla sərvəti nəyə yaradı ki? Hansı yetimin, yoxsulun, məzlumun dərdinə dərman oldu ki? O kəmərin içindən çıxan milyonlar hansımızın cibini sevindirdi axı? Biz o Borsunlu kurqanlarındakı rəhmətliklər kimi yanımızdakı sərvətimizə ölü canlar kimi “baxa-baxa” durmuruqmu illərdir, beləcə? Amma indi artıq o sərvətlər yoxdur. Hansı şəxsi hesablara, ciblərə, evlərə isə axıb gedib. Ölkə quru yurdda qalıb eləcə. Elə quru yurdda ki, başda oturanlar bu qədər ağır durumun ardınca belə növbəti ilin daha pis olacağını anons edirlər. Milli valyuta ölür, büdcə ixtisar olunur, iş yerləri bağlanır, banklar çökür. Ancaq beynəlxalq media bu ölkəni idarə edənlərin milyardlarından yazır. Sosial şəbəkələrdə ölkədən çıxarılan on tonlarla dolların sahibi müzakirə edilir. Təsəvvür edirsiniz, on tonlarla dollar! Ölkədə xəstə uşağına dərman ala bilməyən, aylıq qazancı çörək puluna çatmayan, borc içində itib-batan on minlərlə ailə varkən, bunların harınlığına baxın! Allah bəlanızı versin, heçmi gözünüz doymaz sizin? Heçmi bu ölkə insanının haqqını yeməkdən qorxmazsınız? Heçmi girdiyiniz günahların ağırlığı çiyninizə ağır gəlməz, gözü dönmüş haramxorlar? Gözünüz doymur, anlaşılan. Doyana oxşamır da. Torpaq doyurar bəlkə, amma o vaxta kimi veriləcək bir hesabınız var. Bu xalq qarşısında veriləcək bir hesabınız… azadliq.info /

Google+ WhatsApp ok.ru