Uşaq bağçaları tam pulsuz olacaq

Uşaq bağçaları tam pulsuz olacaq

 
Paytaxtda  məktəbəqədər  təhsil müəssisələrinin Bakı Şəhər  İcra  Hakimiyyətinin  tabeliyində  olması son dövrlərdə bu qurumla bağlı mövcud  problemi  gündəmə gətirib.
Digər  tərəfdən, məktəbəqədər təhsil müəssisələrində uşaqların  ilkin  qəbulu  zamanı  valideynlərin cibinə uyğun şəkildə qurulmaması məsələsi də müzakirə obyektinə çevrilməkdədir.
Daha dəqiq desək, dövlət tipli bağçalarda uşaqlar ilkin qəbul zamanı yüksək məbləğlə adıçəkilən təhsil müəssisəsinə yerləşdirilir.
Nəzərə alsaq ki, uşaqların bağçalara qəbulu zamanı ödənilən məbləğ  hər məktəbəqədər təhsil müəssisəsi üzrə fərqli olur, deməli, məsələ bir az da qəlizdir.
Bəs “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi qəbul olunsa və bağçalar Təhsil Nazirliyinin tabeliyinə verilərsə, pullu qəbulla bağlı köklü dəyişiklik ola bilərmi?
 
Təhsil üzrə ekspert Etibar Əliyev səslənən fikirlərə aydınlıq gətirib.
Onun fikrincə, uşaq bağçalarının Bakı Şəhər  İcra Hakimiyyətinə tabe olması qənaətbəxş hal deyil.
“Dünyada təhsil sistemi deyilən qəbul olunmuş anlayış var. Ölkələrin təhsil sistemi dedikdə təhsilin ən aşağı pilləsindən ən yuxarı pilləsinə qədər bir sistem şəklində birləşir. Məktəbəqədər təhsilin yenilənməməsinin əsas səbəblərindən biri həmin təhsil müəssisələrinin icra hakimiyyəti strukturlarına tabe etdirilməsidir. Təhsil Nazirliyinin icra hakimiyyətlərində şöbələri, bir neçə əməkdaşı olmasına baxmayaraq, məktəbəqədər  tədrisin yaxşılaşdırılması üçün hər hansı addımların atılması, normativ sənədlərin yazılması,  kurrikulumların  hazırlanması, tərbiyə sisteminin təkmilləşdirilməsi  imkanlarından məhrumdurlar. Təəssüflər olsun ki, məktəbəqədər təhsil müəssisələri icra hakimiyyətlərinə tabedir. Artıq təhsil sistemi dedikdə bir qədər bu ifadə əhatəli olmur”.
 
 
Təhsil Nazirliyinin böyük strukturu var
Ekspert deyir ki, məktəbəqədər təhsillə bağlı Təhsil Nazirliyinin səlahiyyətləri genişdir.
“Bağçalarda mühitin yaxşılaşdırılması, gigiyena məsələləri, uşaqların qidalanmasına nəzarət gücləndirilə bilər. Çünki Təhsil Nazirliyinin bu işi həyata  keçirməsi üçün böyük strukturu  var. Digər tərəfdən isə Təhsil Nazirliyi bu məsələlərin daha da təkmilləşdirilməsi üçün 5 yaşına qədər uşaqlara məktəblərdə  kursların açılması prosesini həyata keçirməyə başladı. Bu o deməkdir ki, məktəbəqədər təhsil müəssisələrinin sayı çox azdır. Birinci sinfə gedən uşaqların  cəmi 15-20%-i  məktəbəqədər təhsil sistemindən bəhrələnirlər.
 
Amma  dünyanın  inkişaf  etmiş ölkələrində bu, 60-90-% təşkil  edir. Ona  görə də bu cür problemləri  olan məktəbəqədər təhsil müəssisələrinin icra  hakimiyyətlərinə tabeçiliyi bir qədər də  problemləri artırır. Təkcə,  söhbət  təmirdən, tikintidən, bağçaların ərzaqla  təminatından getmir. Burada söhbət uşaqların ilkin təfəkkürünün  formalaşmasından, məntiqi oyunların uşaqlara aşılanmasından, uşaq  sosiallaşmasından gedir. Ona görə də hesab edirəm ki, Milli Məclisin deputatları  bu cür ciddi məsələyə professional münasibət göstərəcəklər və yol verilmiş bu  qüsuru aradan qaldıracaqlar”. 
 
 
Dövlət bağçaları pulsuz olmalıdır
Uşaq bağçalarında ilkin qəbul zamanı ödənilən məbləğə gəlincə, Etibar Əliyev vurğulayıb ki, məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinə tabe olacağı təqdirdə bu problem də şübhəsiz ki, həll olunacaq.
 
“Birmənalı şəkildə məktəbəqədər təhsil sistemində tərbiyə pulsuz olmalıdır.  Dövlətin nəzarəti güclü olmalı, uşaqların qidalanmasına xüsusi diqqət  göstərilməlidir. Uşaqların ilk ayaq açdığı  təhsil, tərbiyə müəssisəsidir.Təhsil  sisteminə bu cür yanaşmanı aradan qaldırmaq lazımdır. Nəzarətsizlik aradan qaldırılmalıdır. İcra hakimiyyətlərinin məktəbəqədər təhsil  sistemini qurma imkanları yoxdur. Ona görə də burada neqativ hallar baş alıb gedir. Ona görə də məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə keçəcəyi halda, dövlət bağçalarına pul ödəmək kimi hallar da baş verməyəcək” (Modern.az) /

Google+ WhatsApp ok.ru