Uşaq bağçasının tikintisində çalışan fəhlələr maaşlarını ala bilmirlər

Hələliksə, bu haqlarının pozulmasından giley etmək onlara qalır.
 
Maide.az ANS TV-yə istinadən xəbər verir ki, Qubanın Alekseyevka kənd sakini Elnur Təhməzov tikinti briqadiri kimi çətin duruma düşdüyünü deyir.
 
Onun sözlərinə görə, 6 nəfər fəhlə ilə birlikdə atasının rəhbərlik etdiyi tikinti şirkəti ilə müqavilə bağlayıb və rayonun Birinci Nügədi kəndində uşaq bağçasının tikintisinə başlayıblar. Amma işlədiklərinin müqabilində onlara çatacaq 10 min manata yaxın əmək haqqını yerli icra nümayəndəliyi tərəfindən heç cür ala bilmirlər:
 
"Bizə deyirlər ki, pul nə zaman hesaba köçəcək. Axırıncı dəfə Əhməd müəllimin yanında olanda dedi ki, pul köçəcək, nə zaman köçəcək, onda alacaqsınız".
 
İş günü olmadıgından uşaq bağçasının içərisinə daxil ola bilmədik. Amma fəhlələrinin yanında oğlunu üzüqara edən RMT MMC-nin rəhbəri Rafiq Təhməzovu müəssisənin yaxınlığında gördük.
 
Rafiq müəllim bildirdi ki, 2014-cü ilin aprel ayından oktyabra kimi kənddəki köhnə idarə binasında yenidənqurma işləri aparıb yeni bağça inşa ediblər. Hətta 2014-cü ilin noyabr ayında bağçanın təntənəli açılışı da olub.
 
Körpələrini uşaq bağçasına qoyan valideynlər bu işdən sevinsələr də, zəhmət haqlarını gözləyən işçilər heç də şad olmayıblar.
 
Rafiq Təhməzov məlumat verdi ki, müqavilə əsasında gördükləri işi bir il iki aydır təhvil veriblər. Amma onlara çatacaq pulun böyük bir qismini hələ də ala bilməyiblər:
 
"Ümumi borc 56 mindir. Ondan mağazalara, vergi idarəsinə və DSM-na borcumuz var. Aldığım qeyri-rəsmi məlumata görə, işçiləri icra nümayəndəsi çağırıb pul paylayıb, hansı hesabdan nə miqdarda, mənim bundan xəbərim yoxdu".
 
Məsələ ilə bağlı Quba İcra Hakimiyyətindən şifahi olaraq bildirildi ki, uşaq bağçasınin tikintisində işləyənlərin əmək haqqı veriləcək. Amma konkret vaxt açıqlanmadı.
 
Şikayətçilər isə əmək haqlarını ala bilmdiklərinə görə, DİN-ə müraciət ediblər.
 
Hazırda fakt bağlı Quba polis şöbəsində araşdırılır.
 
RMT MMC-nin direktoru Rafiq Təhməzov onu da bildir ki, 2015-ci ilin sonuna kimi pullarını ala bilmsələr o, 2016-cı ilin əvvəlində məhkəməyə müraciət edəcək.

Google+ WhatsApp ok.ru