İİV-ə yoluxanların statistikası açıqlanıb

İİV-ə yoluxanların statistikası açıqlanıb

Azərbaycanda İİV-ə yoluxanlar arasında narkotik vasitə istifadəçilərinin sayında azalma tendensiyası müşahidə olunur.
 
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun hazırladığı  “Narkotiklərə nəzarət sahəsində 2016-cı ilə dair Ölkə Məruzəsi”ndə qeyd edilib ki, 2016-cı il ərzində ölkədə İİV-ə yoluxanların 151 nəfəri inyeksion narkotik istifadəçisi olub.
 
İİV-ə yoluxma ən çox cinsi yolla qeydə alınıb. Cinsi yolla 335 nəfər (hetroseksual kontaktla 319 nəfər, homoseksual kontaktla 16 nəfər) İİV-ə yoluxub. Anadan uşağa ötürmə yolu ilə 10 nəfər, naməlum yolla 60 nəfər İİV-ə yoluxub.
 
Keçən il İİV-ə yoluxanların 541 nəfəri Azərbaycan vətəndaşı (348 kişi, 193 qadın), 15 nəfəri (6 kişi, 9 qadın) əcnəbidir.
 
Qeyd edək ki, 1987-ci il 1 yanvar tarixindən 2017-ci il 1 yanvar tarixinədək 5979 Azərbaycan vətəndaşı İİV-ə yoluxub. Onların 2968 nəfəri (48,7 faiz) inyeksion narkotik istifadəçisi, 2524 nəfəri (42,2 faizi) cinsi yolla yoluxandır. 108 nəfər (1,8 faiz) anadan uşağa ötürülmə, 436 nəfər (7,3 faiz) naməlum yolla İİV-ə yoluxub. İİV-ə yoluxanların 4424 nəfəri kişi, 1555 nəfəri qadın olub. Bu müddət ərzində Azərbaycanda 206 əcnəbidə (153 kişi, 53 qadın) İİV aşkarlanıb. (apa) /

Google+ WhatsApp ok.ru