Veteranlar israrlıdır: “Piketə icazə üçün yenidən Bakı meriyasına müraciət edəcəyik”

Veteranlar israrlıdır: “Piketə icazə üçün yenidən Bakı meriyasına müraciət edəcəyik”

Əmək haqlarını ala bilməyən bir qrup Qarabağ döyüşçüsünün 2016-cı il dekabrın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında aksiya keçirəcəyi barədə xəbər vermişdik.
 
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Qarabağ müharibəsi əlili Xaqani Rzaquliyev Modern.az-a açıqlamasında piketin baş tutmadığını bildirib.
 
X.Rzaquliyev məsələ ilə bağlı Polis bölməsinə dəvət olunduğunu deyib:
“Piketlə bağlı Polis bölməsinə dəvət edildik. Biz icazəsiz aksiya keçirməyəcəyimizi bildirdik. Aksiya üçün yeni bir tarixə icazə verilməsilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə təkrar müraciət edəcəyik. Bizim davamız nə keçmiş, nə də yeni nazirlədir.
 
Biz konkret olaraq “Bazis İnşaat”MMC ilə bağlı etdiyimiz müraciətlərə hər iki nazirin yanaşma tərzinin gizlinlərini açmağa çalışırıq”.
 
Keçmiş döyüşçü mübarizədən geri çəkilməyəcəklərini vurğulayıb:
“Vətəndaş kim olursa olsun, hüquqi dövlətdə yaşadığını bilməlidir. Vəzifə səlahiyyətlərindən yalnız öz maraqlarını qorumaq üçün istifadə edən dövlət qulluqçusu digərlərinin hüquqlarının bərpası üçün məmur edildiyini unutmamalıdır.
 
Həm də əlil,veteran, şəhid ailəsi adından manupilyasiya ilə məşğul olan bəzi ictimai birliklərin əsl simasını üzə çıxarmağa çalışacağıq. Daha sonra bu məsələ barədə aidiyyatlı orqanlara müraciət edərək, sənədlər təqdim edəcəyik”.
Qeyd edək ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun vaxtında veteranlar “Bazis İnşaat” MMC, sonralar “İnşaat Plyus” MMC tərəfindən işə cəlb ediliblər.
 
Veteranlar iddia edirlər ki, həmin dövrdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)18 nəfər müharibə veteranı və müharibə əlilinə 34 min manat əmək haqqı, 20 min manat isə mal-materiala görə borcu yaranıb. F.Ələbərov nazir postundan getdikdən sonra həmin şirkətin rəhbərliyi hazırkı nazir Səlim Müslümovun nəzarətinə keçib.
 
Nazirlikdən Modern.az-a verilən məlumata görə, bir qrup şəxsin “Bazis İnşaat” MMC, sonralar “İnşaat Plyus” MMC tərəfindən işlərə cəlb olunması, lakin əmək haqlarını və mal-materiallara görə borclarını ala bilməmələri ilə bağlı Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ilk dəfə 2015-ci ilin dekabr ayında  müraciət edilib:
“Müraciət araşdırılarkən məlum olub ki, həmin şəxslər “Bazis İnşaat” MMC, sonralar “İnşaat Plyus” MMC tərəfindən əslində heç bir əmək müqaviləsi bağlanılmadan işlərə cəlb ediliblər.  Əmək müqaviləsi bağlanılmadan işlərə cəlb edilmələrinə baxmayaraq, bu barədə işlər görüldükdən xeyli sonra, qeyd olunduğu kimi, 2015-ci ilin dekabr ayında  Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət ediblər. Həmin vaxt qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin müvafiq tələblərinə əsasən isə inzibati xətalara görə inzibati tənbeh inzibati xətaların aşkara çıxarıldığı gündən ən geci iki ay keçənə qədər verilə bilərdi. Hazırkı Məcəllədə isə bu müddət 3 ay nəzərdə tutulub”.
 
Nazirlikdən verilən məlumata görə, narazı şəxslər əmək müqaviləsi olmadan işlədikləri vaxtdan bir ildən də çox, yəni qanunvericilikdə müəyyən olunmuş müddətdən artıq vaxt  ötdükdən sonra müraciət etdiklərinə görə aidiyyəti hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi mümkün olmayıb:
“Ona görə də “Bazis İnşaat” MMC, sonralar “İnşaat Plyus” MMC ilə bir qrup şəxs arasında mübahisə yarandığı üçün həmin şəxslərə qanunauyğun olaraq məhkəməyə müraciət etmələri tövsiyə edilib”. /

Google+ WhatsApp ok.ru