Vulkana `etibar` edilmiş ömürlər

Vulkana `etibar` edilmiş ömürlər

"Yeni Müsavat" qəzeti "Vulkan üzərində yaşayanlar sürüşmə ehtimalından da qorxurlar: Bizi xilas edin" sərlövhəli məqalədə Bakının Hökməli qəsəbəsindəki insanların həyatlarının təhlükə altında olmasını müzakirəyə çıxarır.
 
 "Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayan sakinlər təhlükə qarşısındadır. Hökməli Bozdağ vulkanının çöküntülərinin üzərində salınmış yaşayış məntəqəsində torpaq sürüşməsi baş verib, evlər təhlükə altında qalıb", müəllif məqaləni belə bir xəbərdarlıqla başlayır.
 
Məqalə müəllifi deyir ki, Hökməlidə Bozdağ vulkanının çöküntülərinin üzərində tikilmiş evlərdə çoxsaylı deformasiyalar əmələ gəlib, intensiv yağışlar nəticəsində sürüşmə prosesi daha da güclənəcək.
 
Müəllif deyir ki, burada bir neçə yerdə "təhlküəli zona" yazılı lövhələrin olmasına baxmayaraq, vulkan dağının ətəyi yaşayış məntəqəsinə dönüb və sakinlər bu təhlükəli ərazidə məskən salmalarını zamanında burada torpaq sahəsinin 300-500 manat olması ilə izah edirlər.
 
"Bizi burada yaşamağa heç kim məcbur etməyib,öz səhvimizdir və illərdir ki, bu zülmü çəkirik. Hər an sürüşmə xofu içimizdə olur. Azyaşlı uşaqları evdə tək qoyub, qonşuya və yaxud mağazaya getməyə risk etmirik, sürüşmə və vulkandan qorxuruq".
 
Müəllif sakinlərə istinadən deyir ki, 10 gün əvvəl sürüşmə baş verib, həm də bu, son vaxtlar ilk sürüşmə deyil, başqa vaxtlarda da belə sürüşmələr olub və aidiyyatı qurumlardan bu vəziyyətdən xilas olunmalarını xahiş edirlər.
 
Müəllif deyir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də həmin ərazidə yaşayışın son dərəcə təhlükəli olduğunu bildirib: "Artıq vulkanın ətrafında yamac boyu tikilən çoxsaylı evlərdə çatlar var. Onlar aktiv fazadadır, yəni proses başa çatmayıb, əgər yağışlar başlasa, bu proses daha da aktivləşəcək, sürüşmə prosesi aktiv olacaq".
 
Müəllif deyir ki, kanalizasiya sularının axıntısının olmaması burada sürüşməni daha da aktivləşdirən amillərdən biridir, qəsəbəyə qaz, işıq, su xətti çəkmək böyük problemə dönüb və sakinlərə istinadən bildirir:"Su xətii çəkmək üçün adambaşına 150 manatdan pul yığmışıq, sayğac qoyulandan sonra isə 150 manat da verməli olacağıq. Ümumilikdə, 300 manata başa gələcək, elektrik xətti çəkdirmək üçün 500, qaz xətti isə 600-700 manata başa gəlir. Məsafə uzaq olduğu üçün borulara daha çox pul xərclənir.
 

Google+ WhatsApp ok.ru