Vuqar Bayramov: “Mərkəzi Bank maliyyə intizamının pozulmasına imkan yaratdı”

Vuqar Bayramov“Mərkəzi Bank xarici valyutada kreditlərə kompensasiya ödəməməklə maliyyə intizamının pozulmasına imkan yaratdı”. İqtisadçı ekspert Vüqar Bayramov belə yazır.
 
Maide.Az-ın məlumatına görə, ekspert Maliyyə Bazarlarına Nəzarət Palatası rəhbərinin “10 min dollaradək kreditlərə kompensasiyanın ödənilməsi müzakirə edilə bilər” açıqlamasını xatırladaraq Mərkəzi Bankın hələ də real addım atmadığını vurğulayır: “Bu açıqlamadan sonra parlamentdə də məsələyə münasibət bildirildi. Hələ ilk devalvasiyadan sonra Qazaxıstan, hətta ABŞ kimi aparıcı ölkələrin də təcrübəsini nəzərə alaraq kreditlərə kompensasiya verilməsi gündəmə gətirilsə də, təəssüf ki, Mərkəzi Bank bu məsələdə yenə də tərəddüd edir. Amma bu tərəddüd bank sektoru üçün ciddi çətinliklər yaradır. Uzun müddət yüksək faizlərdən bəhrələnən banklar isə faizləri endirmək əvəzinə daha çox inzibati metodlardan istifadə etməyə çalışırlar. Bununla problem daha da dərinləşir, getdikcə borcluların banka kreditlərini ödəməməsi adiləşir.
 
Mərkəzi Bank kreditlərə kompensasiya ödəməklə deyil, ödəməməklə maliyyə intizamının pozulmasına imkan yaratdı. Vaxtında kompensasiya mexanizmi tətbiq olunsaydı, problemli kreditlərin həcmi bu qədər artmazdı və ödənişləri yubatmaq adiləşməzdi. Qurum bank sektorunda maliyyə intizamının daha da pisləşməsini arzulamırsa, qısa zamanda kreditlərə kompensasiya verilməlidir. Əks halda iqtisadiyyatın mühərriki hesab edilən bankları gözləyəcək problemləri proqnozlaşdırmaq çətin olmayacaq”.
 
Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Əvvəl manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, sonra Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub. Devalvasiyalardan sonra bank sektoru kreditlərlə bağlı ciddi böhran yaşayır. 2016-cı il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 326,5 milyon manat olub. Vaxtı keçmiş kreditlərin 635 milyon manatı xarici valyutada olan kreditlərdir. Mərkəzi Bankın kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları hesabatında belə göstərilir.
 
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı mayın 10-da jurnalistlərə açıqlamasında deyib ki, 10 min dollara qədər olan kreditlərə güzəştlər edilməsi məsələsinə baxıla bilər. /

Google+ WhatsApp ok.ru