`WhatsApp`la zəng qadağası bitdi, amma müəmmalar bitmir

`WhatsApp`la zəng qadağası bitdi, amma müəmmalar bitmir

Ekspertlər məsələnin təkcə təhlükəsizliklə bağlı olmadığını iddia edir
 
"Skype" və "WhatsApp"-da beynəlxalq görüntülü əlaqə bərpa olunub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərində bəzi problemlərin olmasına münasibət bildirib.
 
Nazilikdən verilən məlumatda qeyd olunub ki, ölkəmizdə uğurla keçirilən IV İslam Həmrəyliyi Oyunlarının təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olaraq Azərbaycan ərazisində müvəqqəti olaraq internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərinə (Skype, Viber, WhatsApp və s.) məhdudiyyətlərin tətbiqi səsli və görüntülü onlayn kommunikasiya proqramlarının istifadəsində müəyyən çətinliklər yaradıb: “Həmin dövrdə bir çox profilaktik tədbirlərin sırasında şəbəkənin sazlanması işləri də həyata keçirilib. Hazırda texniki yeniləmə işləri başa çatıb və vətəndaşlar bu kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələr üçün istifadə edə bilərlər”.
 
“Yeni Müsavat” isə xatırladır ki, qadağa prosesi bir neçə mərhələli davam etdi. Öncə WhatsApp-da görüntülü və görüntüsüz danışıqlar qadağan edildi. İnsanlar internet vasitəsilə alternetiv danışıq üsulları axtarmağa başladı. İlk köməyə gələn "Viber" oldu. Bir neçə gün ondan istifadə edənlər daha sonra onunla da danışığın mümkünsüz hala gəldiyini gördü. Ardınca "Messenger" vasitəsilə danışıq imkanları tətbiq olundu. Qısa müddət sonra ona da qadağa qoyuldu. Əhalinin daha sonra tətbiq etdiyi danışıq vasitələri isə "İmo" və "Facetime" oldu. Ötən həftənin sonlarına doğru onlara da qadağa qoyuldu. Halbuki həmin vaxt İslam oyunları bitmişdi və səbəb heç də oyunlarla bağlı görünmürdü.
Məhz əksər vasitələrə qadağa qoyulandan bir neçə gün sonra "Skype" və "WhasApp"-da danışıq bərpa olundu. Bu isə ilk gündən bəri qadağanın oyunlarla bağlı olmaması versiyasını gücləndirdi.
 
Ekspert Arzu Nağıyev açıqlamasında bildirmişdi ki, bu qadağa tək antiterror tədbirləri ilə bağlı deyil. Onun sözlərinə görə, böyük tədbirlərin keçirilməsi vaxtı təhlükəsizlik məsələsi kompleks şəkildə təmin edilməlidir: “Dünya təcrübəsinə nəzər salsaq görərik ki, əsasən əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla birlikdə belə qərarlar verilə bilər. İlk növbədə həmin messenger servisi fəaliyyəti həyata keçirən qurumlar oz üzərinə götürdükləri öhdəlikləri də yerinə yetirməlidir. Məsələn Rusiyada rəsmi olaraq "BlackBerry Messenger", "Imo i Line" Roskomnadzor tərəfindən qadağa edilib və bağlıdır. Səbəb də onlar tərəfindən əhəmiyyət kəsb edən məlumatların təqdim edilməməsidir. Eyni zamanda həmin servislər özlərinin yayıcı funksiyasının təşkilatçısı olmadığını və buna cavabdehlik daşımadıqlarını bildirir. Bundan başqa, ən çox uzaq məsafəyə yük daşıyan avtomobillərdə istifadə edilən "Zello" ratsiyaları da bağlanıb, səbəb də məlumatın təqdim edilməməsidir. "Zello" pulsuz proqramı smartfonları və planşetləri real rejimdə ratsiyaya çevirə bilir. Yəni ölkədə qeydiyyatdan keçən hər bir bu formalı rabitə növləri mütləq şəkildə son altı aylıq arxivini yaratmalı və xüsusi xidmət və ya hüquq-mühafizə orqanlarının əməliyyat fəaliyyəti ilə bağlı sorğu əsasında təqdim etməlidir. Bu məlumatlara istifadəçinin kimliyi,qeydiyyat nömrəsi və s. aiddir. Bu, eyni zamanda şifrələnmiş məlumatlara da aiddir”.
 
"WhatsApp" üzərindən doğmaları ilə əlaqə quranlar, biznesini təmin edənlər əhəmiyyətli şəkildə əziyyət çəkdi. İnsanlar daha çox yerli və beynəlxalq zənglər üçün yerli mobil operatorların xidmətlərindən istifadə etdi. Bu isə onların şəxsi büdcəsinə zərbə vurdu. Bundan başqa, ilk gündən etibarən insanlara bu barədə hər hansı hesabat verilmədi, onları sualların içində saxladılar. Beynəlxalq tədbirə görə bu qadağanın tətbiqi isə istifadəçiləri daha çox narahat edir. Axı gələcəkdə Azərbaycan bu cür tədbirlərə çox ev sahibliyi edəcək. O halda ölkə insanı ildə neçə dəfə, neçə günlük aralıqlarla beynəlxalq danışıqlar məsələsində əziyyət çəkəcək?
 
Bundan başqa, insanlar son günə qədər alternativ vasitələrdən istifadə edə bildi. Bu isə o deməkdir ki, qara məqsədli insanlar da bu cür vasitələrdən asanlıqla istifadə edə bilər. O halda təhlükəsizliyin təminatı üçün alternativ vasitələrdən istifadə olunması daha məqsədəuyğundur.
 
Bəzi ekspertlər isə deyir ki, bu, əslində İslam Oyunlarından daha çox yerli mobil operatorlarla bağlı qəbul olunan qərar idi. Çünki məqsəd beynəlxalq zənglərdən dolayı gəlirləri azaldılmış mobil operatorların əvvəlki imkanlarını geri qaytarmaq olub. /

Google+ WhatsApp ok.ru