Xədicə İsmayıl barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib

 
Səbayel Rayon Məhkəməsinin qərarı ilə Xədicə İsmayıl barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
 
Maide.az-ın məlumatına görə, “Azadlıq” radiosu Baş Prokurorluğun jurnalist Xədicə İsmayılın həbs olunması üçün məhkəməyə təqdimat verdiyi haqda məlumat yaymışdı.
 
Məlumatda deyilirdi ki, təqdimata Sabayel Rayon Məhkəməsində baxılacaq. Artıq Xədicə İsmayıl məhkəməyə aparılıb.
 
Vəkil Elton Quliyev məhkəmənin jurnalistlə bağlı həbs qərarı çıxaracağını ehtimal edirdi.
 
Xədicə İsmayıl ailə üzvlərindən dərmanlarını və paltarlarını gətirmələrini istəyib.
 
O da bildirilir ki, X.İsmayıl prokurorluğa intihara cəhd göstərmiş Tural Mustafayev adlı şəxsin işi üzrə çağrılıb. Bir müddət əvvəl el arasında "siçan dərmanı" adlandırılan və tərkibi sink-fosfitdən ibarət olan zəhərli preparat qəbul edərək intihara cəhd göstərən Mustafayev istintaqa bildirib ki, onu intihara Xədicə İsmayıl sövq edib, belə ki, o zaman "Azadlıq" radiosunun  Bakı bürosunun rəhbəri olan X.İsmayıl T.Mustafayevi işdən çıxarıbmış.
 
Bu il fevralın 17-də Xədicə İsmayıl facebook şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yayıb. Materialda MTN-in müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist materialı ona hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin 2011-ci ildə ötürdüyünü deyir.
 
Sözügedən materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.
 
Prokuror 3 ay həbs istəmişdi. /
 
 

 

Google+ WhatsApp ok.ru