Xədicə İsmayıl vicdan məhbusu elan edildi

“Amnesty İnternational” hüquq müdafiə təşkilatı “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılı vicdan məhbusu elan edib. Qurum jurnalistin siyasi motivlə saxlandığını bildirir.
“Amnesty İnternational” vicdan məhbusu terminini 1960-cı illərin əvvəllərində dövriyyəyə buraxıb. Terminin yaradıcısı “Amnesty İnternational”in qurucusu, britaniyalı hüquq müdafiəçisi Piter Benensondur.
Vicdan məhbusu (prisoner of conscience) siyasi, dini və sair inanclarına, həmçinin etnik, cinsi, irqi, dil, milli, sosial mənsubiyyətinə, əmlak vəziyyətinə, qohumluq münasibətlərinə, seksual yönümünə və başqa özəl xüsusiyyətlərinə görə fiziki azadlığı həbslə və ya başqa metodlarla məhdudlaşdırılmış şəxsdir. Zorakılığa əl atmış, zoru və düşmənçiliyi təbliğ edən şəxs vicdan məhbusu sayıla bilməz.
“Azadlıq” radiosunun məlumatına görə, “Amnesty İnternational” təşkilatının Xədicə İsmayılı vicdan məhbusu elan edən bəyanatında vurğulanır ki, hakimiyyət Xədicə İsmayıla qarşı ittihamlara dair dəlil-sübut ortalığa qoya bilməyib: “Jurnalistə ittiham siyasi motivlidir və onu susdurmağa yönəlib. Xədicə İsmayıl öncə də araşdırıcı jurnalistikasına görə təhdidlərlə üzləşib, hazırda da ona qarşı diffamasiya iddiası üzrə cinayət işi var. “Amnesty İnternational” Xədicə İsmayılı vicdan məhbusu hesab edir, onu dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırır”.
Dekabrın 5-də həbs olunan Xədicə İsmayıl jurnalist Tural Mustafayevi özünü öldürməyə cəhd həddinə çatdırmaqda ittiham olunur.
Bakı İstintaq Təcridxanasında saxlanan Xədicə İsmayılla əlaqədar başqa istintaq və məhkəmə işləri də var. Bu il fevralın 17-də Xədicə İsmayıl “Feysbuk” şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yayıb. Materialda MTN-in müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist materialı ona hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin 2011-ci ildə ötürdüyünü deyir. Sözügedən materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın gedişi zamanı Xədicə İsmayılovanın ölkədən çıxmasına məhdudiyyət də qoyulub.
Xədicə İsmayıl fevralın 17-də “Feysbuk”da yaydığı materiala görə məhkəməyə də çəkilib. Onu xalq hərəkatı fəalı Elman Türkoğlu məhkəməyə verib. Jurnalistə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsində Elman Türkoğlu qeyd edib ki, Xədicə İsmayıl “Feysbuk”da yaydığı materialla onun adını MTN-in agenti kimi hallandırıb, şərəf və ləyaqətini təhqir edib, ona böhtan atıb. Elman Türkoğlu jurnalistin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyib. Oktyabrın 9-da Binəqədi Rayon Məhkəməsində bu iddia ilə proses başlanıb. Proses hələ yekunlaşmayıb. /

Google+ WhatsApp ok.ru