Xədicə İsmayılın apelyasiya şikayətinə baxılacaq

AzadlıqRadiosu əməkdaşı Xədicə İsmayılın növbəti məhkəməsi aprel ayının 21-də Bakı Apelyasiya Məhkəməsində keçiriləcək. Hakim Qail Məmmədovun sədrliyi ilə keçiriləcək prosesdə X.İsmayılın Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə  təqsirli bilinərək 2500 AZN həcmində cərimələnməsinə dair apelyasiya şikayətinə yenidən baxılacaq. 
 
X.İsmayılın vəkili Fariz Namazlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu məhkəmə bayraqdar Elman Türkoğlunun X.İsmayıla qarşı iddiası əsasında keçiriləcək. Müsahibimiz jurnalist Tural Mustafayevin baş prokuror Zakir Qaralova ünvanladığı müraciətin isə heç bir hüquqi status daşımadığını bildirdi: “Tural şikayətini geri götürsə də, bu, heç nəyi dəyişmir. Xədicə İsmayıla əlavə 4 maddə üzrə cinayət işi qaldırıblar. Tural Mustafayevin şikayəti geri götürülsə belə qalan 4 maddə üzrə məhkəməsi olacaq. Tural Mustafayevin şikayəti əsasında ona xüsusi ittiham qaydasında cinayət işi qaldırılıb. Şikayətin geri götürülməsi işə xitam verilməsinə əsas deyil. O halda əsas ola bilərdi ki, istintaq Xədicə İsmayılın əməlində cinayət tərkibinin olmadığını sübut etsin”. 
 
F.Namazlı dedi ki, bu məsələdə incə bir nüans var.  Əgər T.Mustafayev “Xədicə İsmayıl mənə qarşı heç nə etməyib, yalan danışmışam, yalan ifadə vermişəm” yazsaydı, bu halda onun müraciətinin hüquqi əhəmiyyəti olardı: “Tural Mustafayev isə məktubunda yazıb ki, hadisə olub, amma şikayətim yoxdur, barışmaq istəyirəm”. Bu cür müraciət Xədicə İsmayılın işi üçün hər hansı müsbət rol oynamır". /

Google+ WhatsApp ok.ru