Xədicə İsmayıl əfvə və ABŞ-ın sanksiya hazırlığına münasibət bildirdi

“Biz əfv istəmirik, bəraət və bizə münasibətdə yol verilmiş qanun pozuntularına görə üzrxahlıq tələb edirik”. Bunu vicdan məhbusu Xədicə İsmayıl sonuncu əfv fərmanına münasibət bildirərkən deyib.
X.İsmayılla dekabrın 30-da vəkil Yalçın İmanov onun saxlandığı 4 saylı cəza çəkmə müəssisəsində görüşüb.
Vəkil deyir ki, Xədicə İsmayıl əfv sərəncamını hökumətin sağlam məntiqə qulaq asıb, səhvini düzəltmək üçün bir imkan kimi qiymətləndirib: “Hökumət bizə münasibətdə səhvə yol verib. Sağlam məntiqə qulaq asıb, səhvini düzəltmək istəsə, bu imkan var. Bunu etməyə məntiqi çatmırsa, hökuməti sağlam məntiqə dəvət edən istənilən addımı, o cümlədən ABŞ-dan gələn sanksiya təşəbbüslərini alıqışlayırırq. Vacib olan həqiqətin qələbəsinə nail olmaqdır. Yalanın “həbs-əfv-həbs” ssenarisi ilə davam etməsinə yardımçı olmaq bizə düşməz”.
Vəkil deyir ki, Xədicə İsmayıla görə, Amerika siyasətçiləri ilk dəfədir insan hüquqlarının bərpası üçün doğru və sistemli təşəbbüsə başlayıb: “Ümid edirəm ki, bu təşəbbüs sona qədər davam edəcək. Bu təşəbbüs heç kimin yox, məhz Azərbaycan xalqının maraqlarına xidmət edir. Yalnız özünü bu xalqın yanında yox, qarşısında görmək istəyənlər bu təşəbbüsə qarşı çıxa bilərlər”.
X.İsmayılova səhhəti və saxlanma şəraiti ilə bağlı hər hansı problemin olmadığını da bildirib: “Yaxşıyam, ölkəmiz bizdən pis gündədir. Ölkəmizin xilası barədə fikirləşmək lazımdır, bizim xilasımız barədə yox”. azadliq.info/
 

Google+ WhatsApp ok.ru