Xələf Xələfov: Bu gün Xəzəryanı dövlətlər arasında qarşıdurma və fikir ayrılığı yoxdur

Xələf Xələfov: Bu gün Xəzəryanı dövlətlər arasında qarşıdurma və fikir ayrılığı yoxdur

“Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın qəbulu beynəlxalq ekspertlər, siyasətçilər tərəfindən çoxtərəfli diplomatiyanın böyük uğuru kimi səciyyələndirilir. Bu konvensiya Xəzəryanı dövlətlərin nailiyyətidir”. 
 
Maide.Az bildirir ki, APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib. 
 
O bildirib ki, “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya siyasi sabitlik, qarşılıqlı anlaşma, iqtisadi əməkdaşlıq üçün hüquqi baza yaratmaqla yanaşı, təhlükəsizlik maraqlarının vəhdətini yaradıb: “Bu gün Xəzəryanı dövlətlər arasında heç bir qarşıdurma və fikir ayrılığı yoxdur. Ancaq əvvəllər fikir ayrılığı, skeptik yanaşma vardı”. 
 
Nazir müavini deyib ki, anlaşma, qarşılıqlı dostluq münasibətləri konvensiyanın qəbulunda əlamətdar rol oynayıb. 
 
X. Xələfov qeyd edib ki, “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya region ölkələri arasında siyasi dialoqu daha da gücləndirib, iqtisadi əməkdaşlıq üçün yeni üfüqlər açıb və iqtisadi layihələrin həyata keçirilməsi üçün imkanlar yaradıb.  
 
Nazir müavini vurğulayıb ki, sentyabrda konvensiyanın Rusiya Dövlət Duması tərəfindən ratifikasiyasına baxılacaq.
 

Google+ WhatsApp ok.ru