Xəbərdarlıq: Koronavirus QİÇS təhlükəsini artırır

Xəbərdarlıq: Koronavirus QİÇS təhlükəsini artırır

BMT xəbərdarlıq edir ki, koronavirus İİV/QİÇS xəstəliyinə qarşı illərlə əldə olunmuş proqresə təhlükə yaradır. Karantinlər ucbatından müalicənin dayanması yarım milyondan çox xəstənin ölümünə səbəb olar, xəbərdarlıqda deyilir.
 
Koronavirusun yayılmasını önləmək məqsədi daşıyan qadağalar qadınların İİV-ə yoluxmasına qarşı mübarizəni əngəlləyib, onların təhsilə çıxışını, seksual zorakılıqdan qorunmasını məhdudlaşdırıb. Hesabatı iyulun 6-da İİV və QİÇS-ə qarşı Birgə BMT Proqramı (UNAIDS) açıqlayıb.
 
Qurum bildirir ki, hökumətlər diqqəti pandemiyaya yönəltdiyindən resursların da istiqaməti həssas təbəqəni İİV-dən (insan immun çatışmazlığı virusu) qorumaqdan yayındırılıb. Bu səbəbdən virus qazanılmış immun çatışmazlığı sindromuna – QİÇS-ə çevrilə bilər.
 
 Əlavə 500 mindən çox ölüm
 
Virusa qarşı müalicənin altı aylığa dayanması gələn bir il ərzində Saharaaltı Afrikada əlavə 500 mindən çox ölümə səbəb ola və bununla region 2008-ci ildəki QİÇS-dən ölüm səviyyəsinə qayıda bilər.
 
Hesabatda İİV-i, onun QİÇS-ə çevrilməsini dayandıran müalicənin miqyasının güclənməsinin milyonlarla həyatı xilas etdiyi vurğulanır.
 
Ötən il QİÇS-ə bağlı xəstəliklərdən 690 min nəfər vəfat edib. İİV-lə yaşayan 38 milyon nəfərdən 12,6 milyonunun həyati vacib müalicəyə çıxışı olmayıb.
 
Virusa 1,7 milyon təzə yoluxmanın olduğu, dünyanın yeni yoluxmaların qarşısını almaq yolunda “xeyli geri qaldığı” vurğulanır.
 
Ötən il 1,7 milyon nəfər İİV-ə yoluxub
 
İİV-in ən çox yayıldığı regionlar Şərqi Avropa və Orta Asiya hesab olunur. 2010-cu ildən bəri yeni yoluxmaların 72 faizi bu regionların payına düşür.
 
Yeni yoluxmalar Yaxın Şərq, Şimali Afrika və Latın Amerikasında 20 faizdən çox artıb.
 
UNAIDS bildirir ki, ötən il İİV-ə ayrılan maliyyə 2017-ci ildən 7 faiz azalıb. 2020-ci ildə İİV-ə qarşı səmərəli mübarizə üçün 26,2 milyard dolların üçdə birinin çatışmadığı deməkdir. /azadliq.org
 

Google+ WhatsApp ok.ru