Xaricdən gələn valyuta vətəndaşa verilmir

Ölkədə dekabrın 21-dən sonra başlayan dollar qıtlığı hələ də davam etməkdədir. Bu proseslərin fonunda vətəndaşların bir çox hüquqları da pozulur. Onlar sırasında Azərbaycana göndərilən xarici valyuta ilə bağlı yaradılan süni maneəni də göstərmək olar. Belə ki, xaricdən Azərbaycana göndərilən xarici valyuta, əsasən dollar yerli banklarda vətəndaşlara verilmir. Əvəzində vətəndaşa manat təklif olunur. Ozü də milli valyuta ən aşağı kursla dəyişdirilir.
 
Digər bir tərəfdən daha bir addımın atılacağı və dolların yalnız banklarda satılacağı deyilir. Yəni valyutadəyişmə məntəqələri bağlanacaq. Bu addımın qara bazara qarşı mübarizə çərçivəsində atılacağı deyilir. Bu hansı nəticələr doğura bilər.
 
Iqtisadçı Nemət Əliyevin fikrincə, vətəndaşlara banklarda xaricdən göndərilən vəsaiti dollarda verməmək ciddi qanunsuzluqdur. N.Əliyevin sözlərinə görə, ölkədə maliyyə pul sistemi o həddə çatıb ki, MB xarici ölkələrdən valyuta göndərənlərin də vəsaitinə göz dikib. Hesab edilir ki o valyutanın dövriyyə buraxılması hansısa fəsadlar törədə bilər, yaxud da bu cür valyuta əldə etmək də bir qənimət sayılır: “Baş verənlər ölkənin maliyyə sisteminin dollara olan kritik ehtiyacını göstərir. Hesab edirəm ki, Mərkəzi Bank tərəfindən digər kommersiya banklarına bu tövsiyyə edilməsə onlar bu oyunu oynaya bilməz. Bunu daha bir fəsadı odur ki, bank sisteminə olan inam daha da itir”.
 
N.Əliyevin fikrincə, əgər xaricdən gələn dolların vətəndaşa verilməməsiylə bağlı göstəriş Mərkəzi Bankındırsa, bu dərhal ləğv edilməlidir. Yox bu bankların öz fəaliyyətidirsə, həmin banklar cəzalandırılmalıdır.
 
Valyutadəyişmə məntəqələrinin fəaliyyətinin məhdudlaşdırılmasına gəlincə isə, N.Əliyev bildirdi ki, onların əslində hazırda bugünki fəaliyyəti gözə dəymir: “Valyutadəyişmə məntəqələrinə müraciət edən vətəndaşlar ”yox” cavabı alır. Bu isə o edməkdir ki, qısa zamanda bu fəaliyyətin bərpa olunacağına ümidlər də azdır. Bu onun nəticəsidir ki, bankların xarici valyutaya olan ehtiyacını Mərkəzi Bank ödəmir. On beş milyardlıq valyuta ehtiyatından Mərkəzi Bankın əlində beş milyard vəsait qalıb. Bəs bu vəsait bitəndə Mərkəzi Bank nə edəcək? Görün, hökumət ölkənin maliyyə, bank sistemini nə vəziyyətə qoyub. Banklar əhalinin valyuta dəyişməsinə olan təlabatını ödəmək iqtidarında deyil. Əgər valyutadəyişmə məntəqələri bağlanacaqsa, biz bankların qarşısında böyük növbələrin şahidi ola bilərik. Bu vəziyyətdən çıxış yolu deyil”.
 
N.Əliyevin sözlərinə görə, burada vacib olan məsələ MB-nin öz funksiyasını yerinə yetirməməsidir. “Mərkəzi Bank alternativ yollar tapmalı, əhalinin valyutaya olan ehtiyacı ödənilməlidir. Müxtəlif dövrlərdə həyata keçirilən əməliyyatlar zamanı milyardlar qazanılıb. Zəhmət çəksinlər ölkəyə geri qaytarsınlar bu vəsaiti”, deyə N.Əliyev bildirdi. azadliq.info /

Google+ WhatsApp ok.ru