Xorvatiyada Azərbaycan dili kursu açılıb

Azərbaycannın Xorvatiyadakı səfirliyinin təşəbbüsü və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Zaqreb Universitetinin humanitar və sosial elmlər fakültəsinin macar, türk və yəhudi dilləri ixtisasının türk dili və ədəbiyyatı bölməsinin tərkibində Azərbaycan dili kursu açılıb.
 
Açılış mərasimində səfir Kamil Xasiyev, universitetin humanitar və sosial elmlər fakültəsinin macar, türk və yəhudi dilləri ixtisasının dekan müavini İvana Franiç, türk dili və ədəbiyyatı bölməsinin rəhbəri Ekrem Çauşev, qonaqlar və tələbələr iştirak ediblər.
 
Tədbiri açan səfir K.Xasiyev Azərbaycan və Xorvatiya arasında mövcud olan əməkdaşlıq münasibətlərindən danışıb, universitetdə Azərbaycan dili kursunun açılmasını iki ölkə arasındakı mədəni və humanitar əməkdaşlığın bariz nümunəsi, eyni zamanda, təhsil sahəsində əlaqələrin inkişafına yönəlmiş tarixi addım kimi dəyərləndirib.
Daha sonra çıxış edən xanım İvana Franiç universitetdə Azərbaycan dili kursunun açılmasının Xorvatiyada ölkəmizin təbliği baxımından mühüm hadisə olduğunu qeyd edərək tələbələrə uğurlar arzulayıb.
 
Açılış mərasimindən sonra ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş təqdimat keçirilib, videoçarxlar nümayiş etdirilib.

Google+ WhatsApp ok.ru