`Yaşıl işıq` həmişə `sürə bilərsən` demək deyil - VİDEO

Bir çox sürücü yolayrıcında tıxac olsa belə, işıqforda yaşıl işıq yanan kimi hərəkətə keçir və düz yolayrıcının ortasında gözləməyə başlayır. Bu tıxac bir az gec açıldıqda isə kəsişən yoldakı sürücülər də məcburən tıxacda gözləməli olurlar. İnzibati xətalar məcəlləsinə görə isə, bunu edən sürücüləri cərimə gözləyir.
 
Yaşıl işıq yansa da, sürücü yolayrıcını keçə bilmir. Çünki digər yolda olan sürücülər hərəkətin olmadığını görsələr də, avtomobillərini yolayrıcında saxlıyırlar. Belə olduqda işıqforun tələbinə əməl etmək mümkün olmur və bir yolda yaranan tıxac kəsişən digər yollara da təsir edir. İnzibati xətalar məcəlləsinə görə isə belə sürücülər cərimə oluna bilər.
 
Sürücülər xüsusilə pik saatlarında paytaxt yollarında bu mənzərə ilə tez-tez qarşılaşdıqlarını deyirlər. Mütəxəssislər bu halın tənzimlənməsi üçün sürücü mədəniyyətinin də inkişaf etməli olduğunu bildirir.
 
Bakı Şəhər Dövlət yol polis idarəsinin sözçüsü Vaqif Əsədov isə bildirir ki, bəzən sıxlıq olan zaman sürücülər kütləvi şəkildə bu qayda pozuntusu törətdiyindən polis onlara yerində müdaxilə edə bilmir. Ancaq gün ərzində yolayrıcını keçmə qaydalarını pozan 150-ə yaxın sürücüyə elektron protokol tərtib edilir. Belə qayda pozuntusu edən sürücülərin ünvanlarına hər an bildiriş gələ bilər. /

Google+ WhatsApp ok.ru