Yamacı sürüşdürən tikintilər və `yeraltı` sular...

Yamacı sürüşdürən tikintilər və `yeraltı` sular...

-- Bayılda tikintilər davam etdiyi halda bir tərəfdən yeraltı çayların istiqamətini dəyişə bilər...

"Bizim Yol" qəzetində "Bakıda yeni tikintilər sürüşmə sahələrinin yaranmasına səbəb olacaq" sərlövhəli məqalə diqqəti cəlb edir.
 
Müəllif son vaxtlar ictimai gündəmdə yer alan Bayıl yamacındakı sürüşmənin səbəblərini ekoloq Telman Zeynalovla müzakirə edir.
 
Yazıda xatırladılır ki, Bakının Bayıl yamacında davam edən torpaq sürüşməsi 100-lərlə evi qəzalı hala salıb, ərazidə eni 1, dərinliyi 5-7 metrə çatan çatlar əmələ gəlib.
 
Müəllif vurğulayır ki, ən təhlükəli durum qəsəbənin Cənub dərə küçəsindədir, burada hələ bir il əvvəl yaranan kiçik çatlar iri yarğanlara dönüb, son 2-3 ayda isə hər an evlərin uçmaq təhlükəsi yaranıb.
 
"Bayıl ərazisi sürüşmə zonasına aiddir. Orada yaşayış binalarının tikilməsinə dövlət qurumlarının icazə verməsi tamamilə səhv addım idi. İndi sürüşmə təhlükəsinin qarşısını almağa çalışırlar". Hadisə ilə bağlı bu şərhi isə qəzetə Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov verib.
 
Ekoloq deyir ki, çıxış yolu həmin ərazilərin yaşıllığa çevrilməsindədir, sürüşmənin aktivləşməsini istəmirlərsə, həmin ərazilərdə terraslar yaradılmalı, ağaclar əkilməlidir ki, yağış suları torpağı tamamilə nəm etməsin.
 
T.Zeynalov bəyan edir ki, Bakı Televiziya Qülləsi üçün təhlükə yoxdur və səbəbini belə açıqalyır:"Teleqüllənin uçması gözlənilmir. Onu sovet dövründə tikiblər, bünövrəsi ana suxura qədər girib, ona görə də ana suxur Teleqüllənin dağılmasına imkan verməyəcək".
 
Bu ərazilərdə tikilmiş evlərin bünövrələrinin möhkəmliyinə gəlincə, T.Zeynalov bildirir ki, burada bünövrələr ən yaxşı halda 1 metr dərinlikdədir, amma ana süxurun dərinliyi 20-25 metr dərinlikdə ola bilər.
 
Ekoloq T.Zeynalov hesab edir ki, Bayıldakı sürüşmənin aktivləşməsinin əsas səbəbi yeraltı çaylardır və bu xüsusda Azərbaycanda yeraltı çayların həddən artıq çox olduğunu bildirir.
 
T.Zeynalov bu problem daxilində daha başqa bir məsələyə toxunaraq, diqqəti Dünya Bankının məlumatına əsasən 2030-cu ildə Azərbaycanın su qıtlığı ilə üzləşəcəyi məlumatı üzərinə cəmləyir.
 
Amma ekoloqa görə, yeraltı çayların çoxluğu həm də Azərbaycanın su qıtlığı ilə üzləşməyəcəyinin göstəricisidir.
 
T.Zeynalov hesab edir ki, Bayılda tikintilər davam etdiyi halda bir tərəfdən yeraltı çayların istiqamətini dəyişə bilər, digər tərəfdən yeraltı suların yataq dəyişmələri yeni sürüşmə sahələrinin yaranmasına səbəb olar.
 
Ekoloq vurğulayır ki, həm yeraltı suların axın istiqamətlərini qorumaq, gələcəkdə ondan istifadə etmək, həm də Bayıl yamacında sürüşməni dayandırmaq üçün Bayıl yamacında heç bir tikinti olmamalıdır.(contact.az)
 

Google+ WhatsApp ok.ru