Yanğınla bağlı müəmma: Heç kimdən xəbər yoxdur, yaxınları nigarandır - YENİLƏNİB - VİDEO

13.29 - "Günəşli" dəniz yatağında yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan Trend-ə verilən məlumata görə, 5 nəfər xilas edilib. Xilas edilənlərin birinin qadın, dördünün kişi olduğu bildirilir.
***
 
Xəbər verdiyimiz kimi, ötən gün "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttinin sıradan çıxması nəticəsində güclü yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, SOCAR-ın açıqladığı ilk məlumatda yanğın baş verən platformada 63 nəfər neftçinin olduğu bildirilmişdi.
 
Bu gün isə "Azneft" İstehsalat Birliyinin baş direktorunun müavini İkram Qurbanov anspress-ə açıqlamasında Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin yanan yataqdakı vəziyyətlə tanış olmaq üçün səhər saatlarında hadisə yerinə yollandığını barədə məlumat verib. Onun sözlərinə görə, dünən saat 17:40 radələrində "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğının qarşısı hələ də alına bilmir: "Hazırda Fövqaladə Hallar Nazirliyinin helikopterləri və BP şirkətinin gəmiləri vasitəsi ilə yanğının söndürülməsi istiqamətində işlər aparılır. Ancaq dənizdə fırtına həddən artıq güclü olduğu üçün hələlik yanğın davam edir.
Hazırda orada olan insanlarla əlaqə saxlamağa da çətinlik çəkirik. Çünki telefonların şəbəkələri tutmur və ya telefonlarına zəng çatmir. Çünki əlaqə vasitələrinin enerjisi tükənib. Ona görə də dəqiq məlumatlar yoxdur. Ancaq özüldə iki-üç nəfər var. Onlar sağ-salamatdır. Qalan işçilər xilasetmə qayıqlarına yerləşdiriliblər".
 
Sosial şəbəkələrdə yayılan məlumatlarda isə, platformada olan neftçilərin sayının rəsmi məlumatdan daha çox olması ictimaiyyət arasında narahatlığa səbəb olub. Belə ki, yaxınların bildirdiyinə görə, platformada 84 nəfər olub. Digər iddia olunan rəqəm isə 120 nəfərdir.
 
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə yazıb ki, əldə etdiyi məlumata görə, xilasedici qayıqlardan (rezin qayıq) birinin içində 36 nəfər (bəziləri 26 nəfər deyir) olub: "Qayıq ağırlığa dözməyib və nəticədə partlayıb. 36 nəfərdən 2-si xilas ola bilib (birinin adı Asifdir - qazmaçı). Qalanları haqqında məlumat yoxdur. Daha bir məlumatda deyilir ki, 5 nəfəri gəmi götürə bilib.  Onlardan 4-ü ağır yaralıdır".
 
Baş verən yanğınla bağlı "Qafqazinfo"ya platformadan olan neftçilərin ailələri müraciət edərək çarəsiz vəziyyətdə olduqlarını bildirirlər. Qeyd edirlər ki, yaxınlarının telefonlarına zəng çatmır. Onların sağ və ya ölü olması barədə kimsə məlumat vermir.
 
Yanğın məqsədilə yaradılan qərargahdan "Qafqazinfo"ya bildirilib ki, hazırda xilasetmə əməliyyatları davam etdirilir. Əməliyyat bitdikdən sonra mətbuat konfransı keçiriləcək və orada bütün məlumatlar açıqlanacaq.

Google+ WhatsApp ok.ru