Yarım ilin hasilat və ixrac hesabatı

Yarım ilin hasilat və ixrac hesabatı

Energetika Nazirliyinin 9 iyul 2020-ci il hesabatına görə, yanvar-iyun aylarında Azərbaycanda 17,8 milyon ton neft (kondensatla birlikdə) çıxarılıb, hasilat ötən ilin ilk yarısına nəzərən təxminən 1 milyon ton azalıb.
 
Yarım ildə 14,7 milyon ton neftin (kondensatla birlikdə) ixrac edildiyi, bunun 2019-cu ilin yanvar-iyun aylarına nisbətən təxminən 900 min ton az olduğu vurğulanır.
 
Qeyd olunur ki, altı ay ərzində 19,3 milyard kubmetr qaz hasil edilib, xaricə 6,5 milyard kubmetr qaz satılıb, ötən ilin eyni dövrü ilə müqayisədə hasilat 11 faizdən çox, ixrac 16,9 faiz artıb.
 
Azərbaycanın 2020-ci il büdcəsində bir barrel neftin qiyməti 55 dollardan götürülüb. “AzəriLayt” markalı Azərbaycan neftinin barreli yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43, maya 22,92, iyuna 38,14, iyula 43,02 dollarla başlayıb.
 
Novator.az bildirir ki, yanvarın gündəlik neft hasilatı 769 min barrel, fevralın hasilatı 750,6 min barrel, martın hasilatı 763,9 min barrel, aprelin hasilatı 771,4 min barrel, mayın hasilatı 650 min barrel, iyunun hasilatı 553,8 min barrel göstərilib.
 
Beynəlxalq razılaşmaya görə, 2020-ci ilin mayından Azərbaycanın gündəlik neft hasilatı 554 min barrel, avqustundan 587 min barrel, 2021-ci ilin yanvar ayından 620 min barrel olmalıdır.
 
Dövlət Gömrük Komitəsinin rəsmi hesabatında yanvar-may ayları üzrə ixracın 89,6 faizinin neft-qaz sektoruna aid olduğu bildirilib.
 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycanın yanvar-may ayları üzrə qeyri-neft ixracını 721 milyon ABŞ dolları dəyərində göstərib.
 
Ümumi ixrac 6,9 milyard dollardan çox olub.
 

Google+ WhatsApp ok.ru