Yaxın günlərdə Dağıstanda Azərbaycan vətəndaşlarının işi üzrə məhkəmə başlayacaq

Yaxın günlərdə Dağıstanda Azərbaycan vətəndaşlarının işi üzrə məhkəmə başlayacaq

Hal-hazırda Dağıstanın Kullar kəndi yaxınlığındakı çadır düşərgəsində Azərbaycana qayıtmalarını gözləyən 500-700 nəfər Azərbaycan vətəndaşı var. Bu barədə avqustun 2-də Rusiya Azərbaycanlıları Regional Mədəni Muxtariyyətinin (RARMM) sədr müavini Afiq Allahverdiyev bildirib.
 
Avqustun 1-nə qədər çadır düşərgəsinin ləğv ediləcəyi barədə vədlərə baxmayaraq, bu, baş verməyib.
 
İyulun 1-də Rusiya hakimiyyətinin Dağıstan-Azərbaycan sərhədində sahə düşərgəsini bir ay da saxlayacağı barədə məlumat verilib. Bu barədə Dağıstan başçısı Vladimir Vasilyevin RF prezidenti Vladimir Putinlə videokonfransı zamanı bildirilib. Vasilyev qeyd edib ki, həftədə 250 vətəndaşı Azərbaycana buraxmaqla bu problemi həll etmək mümkün deyil.
 
Azərbaycan nümayəndələri ölkəyə vətəndaşların buraxılmasındakı məhdudiyyəti tibbi heyət çatışmazlığı və hamını test etməyin qeyri-mümkün olması ilə izah edir. Odur ki, hələlik Kullardakı düşərgənin ləğvindən danışmağa dəyməz.
 
İyulun 15-də Kullarda etirazlar zamanı həbs edilənlərin işi üzrə istintaqa gəlincə, cinayət məsuliyyətinə cəlb edilmiş 10 azərbaycanlı yaxın gələcəkdə məhkəmə qarşısına çıxarılacaq. Onlar polisə müqavimət göstərməkdə və əmlaka ziyan vurmaqda ittiham olunurlar. Ziyanın ümumi ölçüsü 1 mln. 400 min rubl olaraq qiymətləndirilib və diasporanın ianələri sayəsində ziyan ödənilib. Həbs edilənlər Dərbənd təcridxanasında saxlanılırlar.
 
“Bizim əsas məqsədimiz saxlanılanları həbs cəzasından qurtarıb, məsələni şərti cəzalarla bitirməkdir. Ən çətini budur ki, bu saxlanılanların çoxunun vəkili yoxdur”, deyə Allahverdiyev bildirib.
 
Hüquq müdafiəçisi Avtandil Məmmədli hesab edir ki, vəkil çatışmazlığı maddi çətinliklərlə bağlıdır. Onun sözlərinə görə, həbs edilənlərə qarşı fiziki təzyiq yalnız saxlanıldıqları gün olub. Azərbaycan vətəndaşları 8 ildən 10 ilədək azadlıqdan məhrum edilə bilər.
 
Onun fikrincə, vəkillər yalnız təqsirləndirilən şəxslərin cəza müddətini azalda bilər. Buna görə dövlət də müdaxilə etməlidir.
 
Deputat Razi Nurullayev də hesab edir ki, indiki qayıdış tempi ilə bu məsələni birdəfəlik həll etmək mümkün görünmür. Məsələnin həlli yollarından biri vətəndaşların Rusiya ərazisində testdən keçirilib, daha sonra ölkəyə buraxılmasıdır. O, həmçinin hökumətin Dağıstanda həbs edilənlərə hüquqi yardım göstərməsini vacib sayır.
 
“Hesab edirəm ki, hökumət də məsuliyyətini başa düşərək öz vətəndaşını qorumalı, onların müdafiəsi üçün lazımi hüquqi addımları atılmalıdır”, deyə deputat bildirib. /Turan /
 
 

Google+ WhatsApp ok.ru