Yaz 10 il öncəkindən altı gün tez gəlir

Yaz 10 il öncəkindən altı gün tez gəlir

-- Orta ilik temperatur 6-7 dərəcəyə yüksəlib

Qlobal istiləşmə planetin şimal bölgəsində yazın gəlişini tezləşdirib. 10 il öncəyə baxanda, indi Arktikaya yaz 20-30 gün tez gəlir. Bunu iqlimşünaslar “Scientific Reports” dərgisindəki məqalədə yazırlar.
 
ORTA İLİK TEMPERATUR 6-7 DƏRƏCƏ YÜKSƏLİB
 
“Həm təbiətsevərlər, həm də alimlər artıq çoxdan belə bir fikir irəli sürürdülər ki, indi yaz keçmişdəkindən tez başlayır. Bunun belə olduğunu təsdiqlədik və Arktikada bunun qabarıq göründüyünü üzə çıxardıq. Ən vacibi isə, bu dəyişikliyin yazın ilk günlərində temperaturun 10 il öncəyə baxanda daha tez yüksəlməsiylə bağlı olduğunu göstərə bildik”, – Kaliforniya universitetindən Eric Post deyib.
 
Arktikanın dağ buzlaqlarıyla birlikdə qlobal istiləşməyə daha tez məruz qaldığı bəllidir, burada son illər orta illik temperatur 6-7 dərəcə yüksəlib. Alimlərin fikrincə, buzların əriməsi gələcəkdə cərəyan dövranında, eləcə də Yer kürəsinin iqlimində ciddi, qarşısıalınmaz dəyişikliklərə gətirəcək.
 
Bu istiləşmənin əsas iki fəsadı var – iqlim qurşaqlarının qarışması, ona bağlı flora - fauna dəyişiklikləri, ikincisi, yazın və ilin digər fəsillərinin başlanmasında dəyişikliklər.
 
Post-un bildirməsinə görə, indiyədək iqlimşünaslar baharın Yerin bütün regionlarına necə sürətlə gəldiyini, bunun səbəbini öyrənməyiblər. Baxmayaraq ki, buna heç kəs şübhə də etməyib.
 
10-15 GÜN TEZ
 
Məqalə müəllifləri son 86 il ərzində toplanmış məlumatları analiz edərək belə bir qənaətə gəliblər ki, baharın Yer kürəsinə “çatma” tempi BMT ekspertləri və digər iqlimşünaslar tərəfindən yetərincə öyrənilməyib.
 
Orta hesabla, indi yazın, 10 il öncəylə müqayisədə altı gün tez başladığı bildirilir. Qütb yarımkürələrində isə söhbət günlər deyil, həftələr və aylardan gedir.
 
Alimləri bu trendlərin tropik və subtropik zonalarda daha az gözəçarpdığını bildirir, burada bahar 1-2 gün tez başlayır. Amma şimal yarımkürəsinə yaxınlaşdıqca fərq böyüyür, qütb ucqarlarına baharın həmişəkindən 10-15 gün tez gəldiyi qeyd olunur.
 
Bioloqlar yazın erkən başlamasının qütb arxasında yaşayan heyvanların həyatını çətinləşdirdiyini düşünürlər. Belə ki, onlar qütb gecəsi başlayınca cənuba miqrasiya edirlər, yaxud ovdan ötrü qar və buzdan yararlanırlar. Bu dəyişikliklərin həyata təsiri, hələlik, bəlli olmasa da , Post və həmkarları onun müsbət olmayacağı qənaətindədir.
 
Qeyd edək ki, qlobal istiləşmənın təsri Azərbaycanda da hiss olunmaqdadır. Bu günlərdə Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov APA-ya müsahibəsində qış aylarında Bakıya qarın yağmamasını iqlim dəyişmələri, iqlimin istiləşməsi ilə bağlı olduğunu demişdi. “Bundan sonra belə olacaq", deyən alim planetin qlobal temperaturunun yüksəldiyini vurğulamışdı.

Google+ WhatsApp ok.ru