Yeni ildə böyük əfv gözlənilir

Pərviz Həşimlinin həyat yoldaşı İşçi Qrupuna müraciət edib; məhbus ailələri də təzə ilə böyük ümidlərlə baxırlar

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı əfv sərəncamının veriləcəyi barədə yayılan xəbərlər ciddi xarakter almağa başlayıb. İndiyədək hər il bu bayram əfvə olan ümidləri artırır.

Siyasi məhbus ailələri də Yeni ilə böyük ümidlərlə baxırlar. Xüsusilə İnsan Haqları üzrə Birgə İşçi Qrupunun fəaliyyətinin bərpa edilməsi bu inamı artırır. Artıq İşçi Qrupu siyasi məhbusların azadlığa çıxması istiqamətində işə başlayıb.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu görülən işlərdən danışdı: “Hazırda İşçi Qrupu məhbusların sənədlərini toplayır. Xəstə məhbusların siyahısı hazırlanır. Hələ ki, məhbusların çoxu bizə müraciət etməyib. Bazar ertəsi İşçi Qrupunun növbəti toplantısı olacaq. Önəmli məsələlərin müzakirəsi gözlənilir. Dekabrda əfvə olacaq ümidlərimiz çoxdur. İşçi Qrupu məhz bundan ötrü yaranıb. Hər əfvdə 4-5 nəfər buraxılır. Hesab edirəm ki, bu dəfə daha geniş əfv olacaq. Sadəcə, buna ümidliyik. Əsas diqqət ayıracağımız məsələ xəstə məhbuslarla bağlı olacaq. Onların səhhətindən çox narahatıq. Xüsusilə Leyla Yunus və İntiqam Əliyevin səhhəti çox ağırlaşıb. İşçi Qrupunda danışmalı məsələlər çoxdur. Yaradılan gündən bizə çoxlu sayda ərizələr gəlib. Araşdırdığımız zaman məlum olub ki, günahsız yerə həbsdə olan çoxlu sayda dustaq var. Bu işlərin hamısına qısa zamanda baxmaq mümkün deyil. 

Hüquqları pozulan adi insanların müraciətləri əsasında biz onların işini diqqətdə saxlayırıq. Adi insanların belə ərizələrinə baxılır”.

Novella Cəfəroğlu Pərviz Həşimlinin həyat yoldaşının İşçi Qrupuna müraciət etdiyini də qeyd etdi: “Bizə müraciət edənlərin arasında çoxlu sayda tanınmış məhbuslar var. Pərviz Həşimlinin həyat yoldaşı bizə müraciət edərək Pərviz bəyin sənədlərini təqdim etdi. Onun məsələsini daim gündəmdə saxlayırıq. Müraciət etməyən insanlar olsa belə, biz onların məsələlərinə baxacağıq. Biz hüquq müdafiəçiləriyik. Ərizə əsasında insan haqları qorumuruq. Ölkəmizdə daim insan haqlarının qorunmasına çalışmışıq. Ərizə gəldi-gəlmədi, insanların işlərinə baxırıq”.

Hüquq müdafiəçisi İşçi Qrupu bərpa ediləndən olan hücumlara da toxundu: “20 ildir ki, Azərbaycanda qara ”piar" kampaniyası aparılır. Daim belə kampaniyalar olub. Bildiyimiz kimi, İşçi Qrupu yaradılan vaxt belə hücumlar olmuşdu. Nəticədə o zaman fəaliyyətimizi dayandırmağa məcbur olduq. Nəticəsi nə oldu? İndi də əllərindən nə gəlirsə, etsinlər. Bunlara artıq öyrənmişik - həm iqtidar, həm də müxalifət tərəfindən. Hər şeyə rəğmən, işimizlə məşğuluq. “Qızıl amnistiya” təşəbbüsü ilə çıxış etmişik. Nəticəni zaman göstərəcək".  musavat.com /

Google+ WhatsApp ok.ru