Yeni Yasamalda susuzluq

Yeni Yasamalda susuzluq

Publika.az saytında «Yasamal sakinləri 4 gündür ki, suya həsrətdir» sərlövhəli yazı diqqət çəkir.
 
«Artıq dörd gündür ki, su üzünə həsrət qalmışıq. Hər gün su almaqdan yorulmuşuq. Buna maddi imkanımız da çatmır, amma nə edək, məcburuq. Heç bir qurum da çıxıb demir ki, su nə zaman olacaq».
 
Yazıda vurğulandığına görə, bu cümlələr Yeni Yasamal ərazisində yaşayan bir qrup sakinin redaksiyaya ünvanladıqları müraciətdə yer alıb.
 
Müəllifin qeyd etməsinə görə, Yeni Yasamalın bir hissəsində yaşayan sakinlər susuzluqdan böyük əziyyət çəkdiklərini, hətta bəzən əl-üzlərini yumağa su tapmadıqlarını bildiriblər.
 
«Həm təsərrüfatda, həm də yemək, çay ehtiyaclarımızı ödəmək üçün nə qədər su almalıyıq . Buna maddi gücümüz də yetmir», - deyə məktubda yazılıb.
 
Sayt şikayətlə bağlı «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin (ASC) həm mətbuat xidməti, həm də qaynar xətti ilə əlaqə saxlayıb. Oradan bildirilib ki, ərazidə təmir işləri aparılıb, artıq təmir işləri də yekunlaşıb və su problemi aradan qaldırılıb.
 
«Əgər sakinlər su ilə təmin edilmirlərsə, bu, Yeni Yasamaldakı binaların tikintisi ilə məşğul olan «Şərur» MTK ilə bağlıdır. Yəqin bu, onların su çənlərinin orada yaşayan sakinlərin sayına uyğun nəzərə alınmamasının nəticəsidir», - deyə qurumdan bildirilib.
 
Yazıda bildirildiyinə görə, «Şərur» MTK-nın əməkdaşları isə yanlış su borularının çəkildiyini vurğulayaraq, buna görə qarşı tərəfi təqsirli sayırlar.
 
Müəllif isə yazıb ki, kimin nə deməsindən və məsuliyyətin kimdə olmasından asılı olmayaraq, baş verənlərə görə əhali əziyyət çəkir./azadliq.org/

Google+ WhatsApp ok.ru