Yeni zoopark nə vaxta qaldı?

Yeni zoopark nə vaxta qaldı?

Bakı zooparkı insanların həm istirahət, həm də «dilsiz» canlılarla ünsiyyət yeridir. Saat 9-dan 19-dək buranın qapısı hər gün hamıya açıqdır. Giriş qiymətləri müxtəlifdir: iki yaşadək uşaqlar pulsuz, iki yaşından 10 yaşadək olanlar 1 manat, 10 yaşı aşanlar və böyüklər 1 manat 50 qəpik ödəyərək gələ bilərlər. Parkda, irili-xırdalı, sayca mindən çox 150 növ heyvan saxlanılır. Onların arasında uçanlar, qaçanlar və sürünənlər var. Yırtıcılar, otyeyənlər, suda yaşayanlar, ekzotik quşlar zooparka ayrı kolorit verir.
 
Artıq bir neçə ildir ki, bu parkın yenisi ilə əvəzlənəcəyi deyilsə də, hələ də dəyişiklik yoxdur. Yeni zooparkın Ceyranbatan qəsəbəsində salınacağı bildirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, tikilməsi nəzərdə tutulan yeni zooparkın layihə sənədləri hazırdır və iqtisadi baxımdan imkan yaranınca icra başlanılacaq. Yeni zooparkın 55 hektar ərazini əhatə edəcəyi söylənilir.
 
  Zooparkın illərdir çözülməyən problemi yenə də qalmaqdadır: «Heyvanları yemləməyin», «Qıcıqlandırmayın» təlimatlarına məhəl qoyan yoxdur. Ətrafda bunun qarşısını almağa çalışan zoopark işçisi də gözə dəymir. Bəzisi meymuna günəbaxan tumu, konfet verir, bəziləri də digər heyvanlara müxtəlif çərəzlər yedizdirir.
 
Seyirçilərin verdiyi bananı tək yeyən «başçı» meymun, hətta bananın qabığını belə qəfəsdəki digər meymunlarla paylaşmır. Maraqlısı odur ki, digər meymunlar «başçı»dan qorxduqları üçün seyirçinin verdiyi başqa bir bananı heç bir vəchlə qəbul etmir. Burada ən çox tamaşaçısı olan heyvan da elə meymunlardır.
 
Yırtıcı heyvanların saxlanıldığı qəfəslərin çoxu Sovet dövründən qalmadır. Amma vətəndaşların köməyilə heyvanların bəzisi üçün xüsusi qəfəs düzəldilib. Yeni qəfəslərdən biri də yaquarın payına düşüb.
 
Zooparkın ərazisi geniş olmadığından, heyvanların yuyunmasına, gəzişməsinə şərait o qədər də ürəkaçan deyil. Məsələn, isti yay günlərində ayılar tez-tez çimməlidir, amma bu, onların qaldığı qəfəslərdə çətinliklə mümkün olur.
 
Bakı zooparkında müxtəlif əyləncələr də təklif olunur. Belə əyləncələrdən biri - ponidə gəzintidir.(azadliq.org)
 
 
 

Google+ WhatsApp ok.ru