Yeri-yurdu olmayan qurum

Sərnişindaşımanın İcra Hakimiyyətinə verilməsi nəyi dəyişdi?

Bakıda nəqliyyat sisteminə əvvəllər təkcə Nəqliyyat Nazirliyi nəzarət edirdi. 
 
Bu ilin əvvəlindən isə bu sahəyə nəzarətin bir hissəsi Bakı şəhər İcra Hakimiyyətinin öhtəliyinə verilib. ANS-in məlumatına görə, Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Paytaxtda sərnişin avtobuslara nəzarət də həmin quruma tapşırılıb.
 
Bu paytaxtdakı bərbad nəqliyyat sisteminin yaxşılaşdırılmasına kömək məqsədilə atılan bir addım idi. Lakin həmin vaxtdan 6 aydan çox zaman keçsə də, hələki bu dəyişikliyin heç bir müsbət nəticəsi yoxdur. Əksinə, bu addım imkan verir ki, Bakıda sərnişindaşınmada yaranan hansısa problemdə Nəqliyyat Nazirliyi özünü rahatlıqla məsuliyyətdən kənarlaşdırsın.
 
Digər tərəfdən isə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti hələ də görünmür. Məsələyə aydınlıq gətirmək üçün qurumun səlahiyyətli şəxslərini tapmaq istədik. Lakin bütün cəhdlərimiz nəticəsiz qaldı.
 
Bakı şəhər İcra Hakimiyyətindən də etiraf etdilər ki, hələlik “BakuBus” MMC təzə yarandığı üçün, nə yeri var, nə də yurdu. Cəmiyyətin səlahiyyətli şəxslərinin isə əlaqə nömrələrini bilən tapılmadı.
 
Ekspertlər də bu sahədə Bakı Meriyasının faəliyyətini qənaətbəxs hesab etmirlər. Nəqliyyatçıların Hüquqi Problemlərinə Yardım İctimai Birliyinin rəhbəri, nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov açıqlamasında bildirib ki, əslində sərnişindaşıma ictimayətin marağına uyğun idarə olunmalıdır. Onun sözlərinə görə, bu sahədəki problemin başlıca səbəbi, nəqliyyat sisteminin qurulmasında bu maraqlar hesaba alınmır.
 
“Bu gün Bakı nəqliyyatında görünməmiş xaos hökm sürür. İndiyə kimi bu sahədə belə xaos olmamışdı. Bundan da çıxış yolu bu sahənin icra hakimiyyətinə vermək deyildi. Çıxış yolu Nəqliyyat Nazirliyinin bu sistemi yenidən, ictimai maraqları nəzərə alaraq qurulması idi. Yəni nəqliyyatdakı sahibkarlara müstəqillik verilməlidir. Onların faəliyyəti isə ciddi şəkildə yoxlanılmalıdır. Məsuliyyət və nəzarət də yalnız Nəqliyyat Nazirliyində olmalıdır. Çünki bir sahəyə bir neçə qurum nəzarət edəndə, böyük problemlər yaranır”, - deyə məzahir Rüstəmov bildirib.
 
Nəqliyyat Nazirliyində isə problemlə bağlı səslənən fikirlərə münasibət birmənalı deyil. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun verdiyi məlumata görə, sərnişinnəqliyyata nəzarətin icra hakimiyyətinə verilməsi fikirləri doğru deyil.
 
“Bakı şəhər İcra Hakimiyyətinin tərkibində “Baku Bus” MMC yaradılıb. Onlara vəsait ayrılıb ki, avtobuslar alsın. Bu qurum daşıyıcı kimi çıxış edir, - deyə Namiq Həsənov bildirib.
 
Nazirlik rəsmisinin sözlərinə görə, yeni alınacaq avtobuslar beynəlxalq standartlara tam uyğun olacaq: “Sərnişinlərin rahatlığı üçün hər bir şərait olacaq. Yeni avtobusların nə qədər gətirilməsi hələ bilinmir. Yeni gətiriləcək avtobuslarda əlillər üçün də şərait yaradılacaq. Bu həm də baş verən yol qəzalarının azalmasında böyük”.
 
Namiq Həsənov onu da əlavə edib ki, hazırda neqativ hallarla bağlı sürücülər haqqında tədbirlər görülür: “Onlar haqqında sahibkarlar üçün məlumatlar toplanır. Artıq sürücü qəza törədib bir avtobusdan, digərinə keçə bilməyəcək”.

Google+ WhatsApp ok.ru