İş yerlərində bədbəxt hadisələr artır

İş yerlərində bədbəxt hadisələr artır

«Exo» qəzetində «Azərbaycanda ən zədələyici və təhlükəli işlər» sərlövhəli məqalə oxumaq olar.
 
Yazıda insanların həyat və sağlamlığından ötrü təhlükəli olan peşələrdən bəhs edilir: «Əmək təhlükəsizliyi qaydalarının pozulmasına daha çox tikinti sahəsində rast gəlinir. Bu işdə ən çox rast gəlinən bədbəxt hadisə hündürlükdən yıxılmaqdır. Belə bədbəxt hadisələr təhlükəsizlik qaydalarına düzgün əməl edilmədikdə baş verir».
 
Həmkarlar İttifaqları Əmək təhlükəsizliyi şöbəsinin müdiri Vladimir Arqutkin qəzetə deyib ki, ən çox bədbəxt hadisələrlə neftçilər və elektriklər üzləşir: «Bədbəxt hadisələrin çoxu onların payına düşür. Bütünlükdə isə ənənəvi olaraq bədbəxt hadisələr çox zaman tikinti və təmir işləri zamanı baş verir».
 
V.Arqutkin hesab edir ki, bədbəxt hadisələrin kökündə səhlənkarlıq durur: «Bütünlükdə isə 2016-cı ildə texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində 95 nəfər xəsarət alıb. Bunun nəticəsində 49 nəfər həyatını itirib. Bu saya həlak olan neftçilər də daxil edilib. Bəzən elə olur ki, istehsalatda bədbəxt hadisələrin sayı yuxarı, bəzən isə aşağı olur. Sığorta şirkətləri bu hadisələrlə bağlı kompensasiyaları ödəyirlər».
 
«Xidmət-İş» Həmkarlar Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov isə Azərbaycanda istehsalatdakı bədbəxt hadisələrin çoxaldığını bildirib: «Demək olar ki, Azərbaycanda il ərzində 80-100 arasında belə hadisələr baş verir. Ən çox zədələnmələr tikinti sahəsində baş verir. Demək lazımdır ki, buna səbəb əməkçinin əmək təhlükəsizliyi haqqında bilgisizliyi və şirkətlərin əmək təhlükəsizliyi qaydalarının tətbiqinə səhlənkar yanaşmalarıdır».
 
C.İsmayılov hesab edir ki, belə halların qarşısını almaqdan ötrü müəssisələrdə həmkarlar təşkilatları yaradılmalıdır.

Google+ WhatsApp ok.ru