Yunusların məhkəməsi təxirə salındı

Oktyabrın 15-də həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus ve həyat yoldaşı Arif Yunusun apellyasiya şikayəti üzrə ilkin baxish iclasi davam etdirilib. Proses 3-4 dəqiqə çəkib.
 
Hakim Vuqar Məmmədov AzadlıqRadiosuna bildirib ki, vəkil Elçin Sadıqov dünən Bakı Apellyasiya Məhkəməsinə vəsatət təqdim edib və Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesin protokolları ilə tanış olmaq üçün vaxt istəyib.
 
Hakim buna şərait yaratmaq üçün prosesi oktyabrın 20-dək təxirə salıb.
 
Leyla Yunus məhkəməyə gətirilərkən prosesi izləməyə gələnlərə bildirib ki, almaniyalı həkim avqustun 14-də ona 2 aylır müalicə yazıb və bu müddət ərzində onun təcridxananın müalicə hissəsində saxlanılmasını istəyib.
 
Amma buna baxmayaraq 6 gündən sonra onu yenidən təcridxanaya qaytarıblar:”Ciyərim parçalanır,Bunların təyin etdiyi 2 həkim mənimlə cəllad kimi davranırlar, müalicəmə imkan verilmir”.
 
Qeyd edək ki, şikayət Bakı Ağır Cinayətlər Məhkəməsinin avqustun 13-də çıxardığı hökmdəndir.
 
Məhkəmə Leyla Yunusu 8 il yarım, Arif Yunusu isə 7 il azadlıqdan məhrum edib.
 
Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar.
 
Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.
 
Bir sıra beynəlxalq təşkilatlar Leyla və Arif Yunusun həbsinin siyasi motivli olduğunu deyir və Azərbaycan hakimiyyətini onları azad etməyə çağırırlar.
 
Azərbaycan hökuməti isə ölkədə siyasi və ya vicdan məhbusu olmadığını deyir. /

Google+ WhatsApp ok.ru