Üzeyir Cəfərli: «Vəziyyət bərbaddır»

«33 saylı Xətai birinci seçki dairəsində vəziyyət bərbaddır, seçki prosesinə həddən artıq müdaxilə var».
 
Həmin dairədən deputatlığa namizədliyini vermiş Üzeyir Cəfərli AzadlıqRadiosuna açıqlamasında belə deyib.Onun sözlərinə görə, dairə ərazisində «karusel» əməliyyatından geniş istifadə edilir:
 
«Səhər səsvermə başlanandan bütün resurslar cəlb olunub. Bütün məntəqələrdə müşahidəçilərimiz var. Onlar bildirir ki, Lerikdən, Ağdaşdan, Ağsudan insanlar cəlb olunub. Lerikdə yaşayan adam necə gəlib Bakıda səs verə bilər? Eyni adamlar gəlir səs verir. Xətai rayon İcra Hakimiyyətində tikinti işlərinə cavabdeh olan şəxs 7 nəfərlə məntəqələri gəzib səs verdirir. Biz bu saxtakarlığı tuturuq, dairə seçki komissiyasının sədrinə də bu haqda məlumat verirəm. Amma o deyir ki, mən ara qarışdırıram. Müşahidəçilərimizin əlində çoxlu fakt var və aktlar tərtib olunub».
 
Deputatlığa namizəd deyir ki, bəzi məntəqələrdə mürəkkəb qanunvericiliyin tələbinə zidd olaraq sol ələ yox, sağ ələ vurulur: «Biz müraciət etdikdə deyirlər ki, anlaşılmazlıq olub».
 
«NAMİZƏDƏ YARAŞARMI BELƏ HƏRƏKƏT?»
 
33 saylı dairə seçki komissiyasının sədri Əlibaba Bayramov AzadlıqRadiosuna açıqlamasında deputatlığa namizədin söylədiklərini təkzib edib. O, namizədin onları təhqir etdiyini iddia edib:
 
«Üzeyir Cəfərov məntəqə sədrlərini qorxudur, təhqir edir. Deputatlığa namizədə yaraşarmı bu hərəkət? Onun dediklərini araşdırmışam. Ancaq heç biri əksini tapmır. Bir məntəqədə kimsə içəri girib. Məlum olub ki, başqa yerdə səs verməlidir, başa salıblar gedib. Amma Üzeyir Cəfərov bunun sənədləşdirilməsini istəyir. Nəyi sənədləşdirsinlər? Bu adama bülleten verilməyib, səs verməyib, barmağına mürəkkəb vurulmayıb». azadliq.org /

Google+ WhatsApp ok.ru